TÜRK ORDUSUNUN XILASKARLIQ MISSIYASI
Digər xəbərlər

TÜRK ORDUSUNUN XILASKARLIQ MISSIYASI

XX əsrin əvvəllərindən etibarən Azərbaycanda vəziyyət bir qədər gərgin idi. 1918-ci ildə öz müstəqilliyini yenicə elan etmiş ölkəmizdə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait hökm sürürdü. Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində ölkə ərazisinin əksər hissəsi, o cümlədən Bakı xalqımızın müstəqilliyinə qənim kəsilmiş yad qüvvələr tərəfindən işğal olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi zaman onun müstəqilliyini müdafiə etmək üçün milli hərbi qüvvələr hələ tam formalaşmamışdı. Cümhuriyyət hərbi kömək üçün üzünü Osmanlı Türkiyəsinə tutdu.  Hökumətin müraciətindən sonra ölkəyə gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Nuru Paşa həmin orduya komandan təyin edildi.

Həmin ilin iyul ayında Qafqaz İslam Ordusu qüvvələrini Bakı ətrafında cəmləşdirdi. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə təhvil verməyə məcbur oldu. Özünü Bakının hakimi elan edən Sentrokaspi diktaturası daşnak nümayəndələrini İrana göndərdi. Bu zaman İrandakı ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi hərbi qüvvə ilə birgə Bakıya dəvət edildi. Bu dövrdə Böyük Britaniya hökumətinin Bakı neftinə, eləcə də Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtardığı hər kəsə məlum idi.

Bu baxımdan, yaranmış fürsətdən istifadə edən hökumət general Denstervilə göstəriş verdi ki, Bakıya hərbi qüvvə çıxarsın. Göstərişə müvafiq olaraq, 39-cu ingilis briqadasının ilk bölmələrinin Bakıya göndərilməsi qərara alındı. Beləliklə, 1918-ci il 4 avqust tarixində bu qüvvələr Ənzəlidən Bakıya gətirildi. Erməni daşnakları onların gəlişini böyük sevinclə qarşıladılar. Xain ermənilər hesab edirdilər ki, onlar bununla öz niyyətlərinə nail olacaqlar. Bundan başqa, təşkil edilmiş ilk genişmiqyaslı hücumun nəticələri onlara stimul verirdi. Lakin erməni daşnaklarının bu sevinci uzun çəkmədi. Qafqaz İslam Ordusu qüvvələri 1918-ci il avqustun 5-də Bakı şəhərinin  daşnaklardan təmizlənməsi üçün irimiqyaslı hücum təşkil etdi, amma bu gözlənilən nəticəni vermədi. "Qurd qapısı" istiqamətindən başlanan hücumda Qafqaz İslam Ordusunun qüvvələri yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirməyə müvəffəq olsalar da, yaranan təchizat çətinlikləri səbəbindən sonradan əvvəlki mövqelərinə geri çəkilməyə məcbur oldular.

Bu döyüşün nəticəsi Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Bakının xilas edilməsi üçün zəruri hazırlıq tədbirlərinə başlanıldı. Aparılan çoxsaylı hərbi təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyasının göndərilməsi haqqında məsələ qaldırıldı və bununla bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Ənvər Paşa 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam imzaladı. Bununla yanaşı, Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi istiqamətində bir sıra addımlar atıldı. Həmçinin Bakı ətrafındakı milli qüvvələrə dəstək məqsədilə Ağdaş alayının bölmələri buraya gətirildi. Nəticədə, Qazax və Gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına göndərilməsinə göstəriş verildi. Sentyabrın 6-da isə əlavə göndərilən 15-ci piyada diviziyası Ağstafaya çatdı, oradan birbaşa Gəncəyə yola düşdü. Elə həmin gün diviziyanın şəxsi heyəti Gəncə dəmir yolu stansiyasında qarşılandı. Beləliklə, 15-ci diviziya Bakı ətrafına yola düşdü. Məhz bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlığın son mərhələsinə qədəm qoyuldu. Sentyabrın 10-da hücumun təşkili məqsədilə Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Azərbaycan Korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafına gəldilər. Onlar şəhər ətrafındakı vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər. Sentyabr ayının 13-də isə Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrinə imza atdı. Bu əmrə müvafiq olaraq, Bakı şəhərinin azad edilməsi üçün həlledici hücum sentyabrın 14-nə keçən gecə başlanılmalı idi.

Bakıya hücum prosesində iştirak edən 5-ci türk piyada diviziyasının qərargah rəisi qayməqam Rüştü bəy xatirələrində qeyd edirdi ki, həmin gecə heç kimin gözünə yuxu getmirdi. Döyüşçülər 5 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər: "Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətən əqsamının istihlas və istirdadında Azərbaycanda olduğu qədər müşkülata, qanlı və ələmli zayiata uğramamışdı. Həm din və həm irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfislə çalışmış, qiymətli qanlarını axıtmış və bilafütur müəzzəz canlarını da fəda etmişlərdi". Rüştü bəy, həmçinin Bakısız Azərbaycanı başsız vücuda bənzədirdi.

Beləliklə, 5-ci türk diviziyası "Qurd qapısı" yüksəkliklərinə qalxmaqla düşmənin birinci və ikinci müdafiə xətlərini ələ keçirdi və orada möhkəmləndi. Daha sonra arxada qalmış toplar və silah-sursatların ələ keçirilmiş müdafiə səngərlərinə daşınmasına başlandı. Hücumda diqqətçəkən məqamlardan biri "Qurd qapısı" yüksəklikləri ilə topları sürüyüb çıxarmağın çox mürəkkəb olması reallığı idi. Amma göstərilən əzmkarlıq, qətiyyət sayəsində bu hücum sürətlə həyata keçirildi. Sonda Sentrokaspi rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürdü. Nəticədə Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi. Sentrokaspi diktaturasının şəhərdəki dayaqları olan qüvvələr isə gəmilər vasitəsilə qaçaraq canlarını xilas etdilər. Yerdə qalan qüvvələr isə təslim oldular. Beləliklə, tarixi missiya uğurla tamamlandı.

Nurlan ABDALOV,

"Respublika".