Canlı aləm hərbi-siyasi təxribatların qurbanı olmamalıdır
Ekologiya

Canlı aləm hərbi-siyasi təxribatların qurbanı olmamalıdır

"Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib.

Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyir. Təəssüf ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. Mina problemindən isə bütün canlı aləm əziyyət çəkir.

Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanı olan 2 ayının video və fotoları ictimailəşib. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır ki, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamaqda davam edib. Yalnız bu ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısı alınıb.

Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl Ermənistanla Azərbaycan sərhədində ayaqları şikəst qalmış 2 bəbirin təsvirini də yaymışdı. Bu barədə açıqlama verən "Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi"nin sədri Qəmzə Yusubova bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan, Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var:

"Ermənistanın Azərbaycanın ətraf mühitinə vurduğu ziyan hələ də davam etməkdədir. Torpaqlarımız işğaldan azad olunsa da, həmin ərazilərdəki ekoloji terrorun fəsadları bu gün də özünü göstərir. Çünki Ermənistan hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə basdırılan minaların dəqiq xəritəsini təqdim etməyib. Bu səbəbdən də basdırılan minaların partlaması qaçılmaz olur ki, bu da minlərlə heyvanın məhvi ilə nəticələnir. Ayı, maral, ceyran, cüyür, dağ keçisi, dovşan, canavar, tülkü və s. canlılar həlak olur. Partlayan minaların qəlpəsi göydə uçan quşları da yaralayır. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür vəhşi rəftara məruz qalır. Mina partladıqda baş verən yanğınlar meşələrimizə, yaşıllıqlarımıza da təsir göstərir, hava çirklənir. Minalardan təmizləmə işi bitənə qədər Azərbaycan təbiətinə, flora və faunasına dəyən zərərin miqyası ölçüyəgəlməz dərəcədə olacaq.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası, Ermənistan tərəfindən törədilmiş ekosid ürək ağrıdır. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qırılmasını və ya yandırılmasını, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsini, heyvanlara qarşı kütləvi qırğını görməzdən gəlmək mümkün deyil. Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Ona görə də bu məsələlərlə bağlı biz - ekoloji təşkilatlar səsimizi dünyaya çatdırmalı, beynəlxalq təşkilatlara müraciət etməli, bəyanatlar verməliyik. Sırf ətraf mühitlə məşğul olan təşkilatlar olaraq vəzifə öhdəliklərimiz çox böyükdür".

"Respublika".