Bütün
Digər xəbərlər

Bütün "xaçaturyanlar" qanun qarşısında cavab verəcək

1991 -ci il dekabrın 23-də Azərbaycanın Xocalı rayonunun Meşəli kəndində Ermənistan hərbi birləşmələri tərəfindən qətliam törədilib. Qətliam zamanı 25 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olub, kənd isə məhv edilib. Qətliamda Meşəli kəndinə 5 milyondan çox maddi ziyan vurulub. Bu qətliamı törədən erməni dəstələrinin başında olanlardan biri də Vaqif Xaçaturyan olub.

Qeyd edək ki, Meşəli soyqırımının təşkilatçı və icraçılarından biri olan Vaqif Çerkezoviç Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınında Ermənistana qaçarkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və həbs edilib. Bu isə Ermənistanda böyük hay-küyə səbəb olub. Lakin onlar anlamalıdır ki, bütün "xaçaturyanlar" qanun qarşısında cavab verəcəklər.

Millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan Laçın postunu quraşdırdıqdan sonra burada Ermənistan, o cümlədən separatçılar tərəfindən qeyri-qanuni malların, silahların daşınmasının qarşısı alındı: "Eyni zamanda əli Azərbaycan xalqının qanına bulaşmış, azərbaycanlılara qarşı etnik təmizləmə və misli görünməmiş vəhşiliklər törətmiş, soyqırımlarında yaxından iştirak etmiş təşkilatçılardan biri olan Vaqif Xaçaturyan Dövlət Sərhəd Xidməti tərəfindən aşkarlanaraq həbs edilib. Bildiyiniz kimi, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş erməni cəlladları haqqında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb və onların bir neçəsi beynəlxalq axtarışa verilib. Elə, Vaqif Xaçaturyan da etnik təmizləmədə, azərbaycanlılara qarşı törədilmiş soyqırımlarında iştirak etmiş həmin cəlladlardan biri idi ki, Azərbaycan qanunları qarşısında indi cavab verməli olacaq".

Parlamentari bildirib ki, əlbəttə, bundan sonrakı mərhələdə də xalqımıza qarşı törədilmiş soyqırımlarında, vəhşiliklərdə, vandallıqlarda, etnik təmizləmədə iştirak etmiş təşkilatçılar, cəlladlar Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar: "Çünki xüsusən də, Birinci Qarabağ müharibəsi dövründə xalqımıza qarşı törədilən Xocalı soyqırımının, Meşəli faciəsinin, Qaradağlıda və digər ərazilərdə törədilmiş bütün soyqırımların təşkilatçıları əlbəttə ki, beynəlxalq axtarışa verilib. Sözsüz ki, Azərbaycan bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun aparır və bundan sonrakı mərhələdə də bu istiqamətdə beynəlxalq hüquq normaları əsasında Azərbaycan qanunları çərçivəsində öz qətiyyətli addımlarını atacaq. Bütün cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər".

Nuranə DAXİLQIZI,

"Respublika".