Böyük və əbədi qayıdış
Sosial həyat

Böyük və əbədi qayıdış

Torpaqlarımızın işğaldan azad edilməsi ilə erməni vandallığının əyani şahidi olduq. Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndləri 30 illik işğal dövründə yerlə-yeksan edilmiş, tarixi və mədəni irsimizə böyük ziyan vurulmuşdur. Erməni döyüşçüləri sadəcə bizim mülklərimizi dağıtmayıb, həmçinin ətraf mühitə də ziyan vurublar. Regionun çayları çirkləndirilib, meşələr qırılıb. Dilbər guşələrimiz tanınmaz hala gətirilib.

Azərbaycan 44 günlük Vətən müharibəsində bu torpaqları şəhidlərimizin qanı-canı bahasına azad etmişdir. 30 ilə yaxın dövr ərzində yurd-yuvasından, isti ocağından ayrı qalan soydaşlarımız artıq öz doğma torpaqlarına qayıdır. Bu torpaqların bərpası və yenidən inkişafı üçün strateji əhəmiyyətli işlər həyata keçirilir. Bu işlər əraziləri partlamamış hərbi sursatlardan, qurğulardan və digər partlayıcı qalıqlardan təmizləməklə yanaşı, əhalinin, infrastruktur və istehsal obyektlərinin, strateji tikililərin təhlükəsizliyini təmin edir. Əzəli və əbədi torpaqlarımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir və öz füsunkarlığına qovuşur. Hazırda Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, beynəlxalq hava limanlarının inşası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, ağıllı kəndlərin qurulması prosesi sürətlə gedir. Bu isə onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tez biz zamanda, nəzərdə tutulduğundan əvvəl öz ata-baba yurdlarına qayıda biləcəklər. Artıq Qarabağın, Şərqi Zəngəzurun bərpası ilə bağlı çoxsaylı yaddaqalan layihələrə imza atılıb. Bununla paralel olaraq işğaldan azad olunmuş ərazilər minalardan təmizlənir, yeni evlər, sosial obyektlər tikilir, yollar çəkilir, tarixi Azərbaycan torpaqları addım-addım öz əvvəlki dinc həyatına qayıdır.

2022-ci ildən başlayaraq Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı və Tərtərin Talış kəndi, habelə Laçın və Füzuli şəhərlərinə vətəndaşlarımızın qayıdışı təmin edilib. Qeyd etmək yerinə düşər ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşma və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin edilməsi üçün 16 noyabr 2022-ci il tarixdə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. Proqramın hazırlanmasında qlobal trendlər və beynəlxalq normalar nəzərə alınıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər Dövlət proqramları kimi Böyük Qayıdış Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın iradəsinin ifadəsi, əməli təzahürü və prosesin reallaşdırılmasının praktiki planıdır.

Doğma torpaqlarımızın yenidən canlanması uzunmüddətli, lakin şərəfli bir yoldur. Ölkə başçımız üçün Qarabağdakı əhalinin hüquqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək hər zaman priotitet olub. Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işləri dövlət-özəl tərəfdaşlığına, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat müəssisələri inşa edilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərlərində "Qarabağda cənnət yaradacağıq" deyən ölkə başçımız bu günə qədər verdiyi bütün vədləri, sözləri yerinə yetirib və yetirir.

Yenidən çiçəklənən guşələrimizdən biri də Füzulidir. Ölkə başçımızın xüsusi diqqəti nəticəsində Füzuli şəhəri sürətlə inkişaf edir. Ən son texnologiya və təchizatlarla yenidən qurulan şəhərə Prezident İlham Əliyev dəfələrlə səfər edib, görülən işlərlə tanış olub. Məhz səmərəli quruculuğun nəticəsidir ki, avqustun 18-i Füzuli şəhərinə ilk köç baş tutdu. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıtdı. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayırdı.

Füzuliyə növbəti mərhələdə isə sentyabrın 7-si köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürüldü. Qeyd edək ki, daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib. Yurda dönən ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Artıq bu gün Şuşa müasir şəhər görkəmindədir, Laçında, Ağdamda tikinti işləri sürətlə gedir, Füzulinin Dövlətyarlı kəndində isə ağıllı kənd layihəsinin həyata keçirilməsi planlaşdırılır. Burada yarımstansiya və rəqəmsal idarəetmə mərkəzi tikilib istifadəyə verilib. Digər tərəfdən, qonşu ölkələr də azad olunmuş ərazilərin yenidən qurulmasına öz töhfələrini verməkdədirlər. Bütövlükdə Füzulidə görüləcək işlərin əhatəsi genişdir. Buraya 21 593 nəfər, o cümlədən Füzuli şəhərinə 8000 nəfər əhalinin köçürülməsi planlaşdırılır. Bu ərazilərdə insanların təhlükəsizliyi və məşğulluğunun təmin olunması üçün bütün infrastruktur layihələri ön plana çəkilib və işlər əsaslandırılmış qrafikə uyğun aparılmaqdadır. Sözsüz ki, bu işlərin həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrəti, xalqın məhəbbəti, qayğısı sayəsində reallaşır. Azərbaycanın iqtisadi inkişafı da göstərir ki, həmin tədbirlər vaxtında, yüksək keyfiyyətlə həyata keçiriləcək.

N.ETİBAROĞLU,

"Respublika".