Böyük Qayıdışın növbəti dayanacağı Füzuli
Sosial həyat

Böyük Qayıdışın növbəti dayanacağı Füzuli

Sentyabrın 15-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə olmaqla, 73 nəfər köçürülüb.

Abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Füzuli şəhərində 144 ailənin, yəni ümumilikdə 514 nəfərin daimi məskunlaşması təmin edilib. Dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada ailə tərkibinə uyğun olaraq 144 ailədən 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı, Sumqayıt və Abşeron ərazisində, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya və digər inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin 51 kəndi və rayon mərkəzi 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlillik qazanıb. İşğal illərində geniş miqyasda dağıntılara məruz qalan şəhər 2020-ci il oktyabrın 17-də öz azadlığına qovuşub. Dövlət başçımız İlham Əliyev müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə start verilib. Yolun açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində baş tutub. Yanvarın 14-də təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanının açılışı isə oktyabrın 26-da olub. Hava limanının rəmzi açılışını bildirən lenti isə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə kəsiblər. Hazırda Füzuli şəhərinin bərpası həyata keçirilir. Sentyabrın 15-i Bilik Günündə Füzulidə 30 ildən sonra ilk məktəb zəngi çalınıb. Şəhərdə 38 binada tikinti-quraşdırma işi aparılır. Füzulidə çoxmərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək, həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Nəticədə Füzuli şəhəri 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr təşkil edəcək. Şəhərdə 21 hektarlıq Mərkəzi Park da salınacaq. Füzuli rayonunun Dövlətyarlı kəndi "ağıllı kənd" konsepsiyası əsasında tikiləcək. Dövlətyarlıda artıq layihələndirmə işləri yekunlaşmaq mərhələsindədir. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru isə artıq başlayıb.

Qeyd etmək lazımdır ki, 44 günlük müharibədən sonra tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi zirvəsini yaşayır. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə qlobal reallıqlar fonunda yeni mərhələyə keçid edib. Postmüharibə dövrünün reallıqlarına uyğun olaraq hazırkı prioritetimiz işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi və Böyük Qayıdış proqramının icrasıdır. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etməyə müvəffəq olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".