MSK-da mətbuat konfransı
Sosial həyat

MSK-da mətbuat konfransı

Ötən gün Mərkəzi Seçki Komissiyasında (MSK) mətbuat konfransı keçirilib. MSK-nın sədri Məzahir Pənahov seçkilərin Azərbaycan üçün tarixi əhəmiyyətini vurğulayıb: "Hesab edirəm ki, seçkilərin əsas əhəmiyyəti müasir Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Azərbaycanın əraziləri 30 ildən çox işğalda qalmış və 800 minə yaxın insanımız köçkün düşmüşdü. Ona görə də, 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs verirdi. Artıq Azərbaycan öz suverenliyini bərpa edib və azad edilmiş ərazilərdə də səsvermə keçiriləcək".

Yerli və xarici jurnalistlər üçün statistik məlumatları təqdim edən Məzahir Pənahov budəfəki seçkilərdə həm seçici, həm də müşahidəçi baxımından ciddi fəallıq olduğunu bildirib: "6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək. Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib".

MSK sədri qeyd edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçilərdir. 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi artıq Bakıdadır. 266 nəfər ATƏT-dən olan müşahidəçinin olduğunu vurğulayan sədr bundan əlavə, MDB, TÜRK PA və digər qurumlardan da seçkilərə böyük maraq göstərildiyini qeyd edib.

Seçicilərin hüquqları ilə də bağlı məsələyə toxunan sədr deyib: "Komissiyalar yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli, seçicinin istəklərinə hörmətlə yanaşmalıdır. Hər kəsdən bu tələblərə diqqət yetirməsini xahiş edirəm. Kiminsə səhvi ucbatından vətəndaşın konstitusion hüququndan məhrum olmasına imkan verilə bilməz".

M.Pənahov deyib ki, səsvermə prosesi son seçicinin səsvermə hüququndan istifadə etməsindən sonra bitir: "Heç kim məntəqədəki seçicini tələsdirmək hüququna malik deyil. Məntəqələrə gələ bilməyən seçicilərin siyahısı tərtib olunub. Onların səs verməsi üçün xüsusi müşayiətlə şərait yaradılacaq. Müşahidəçilər də bu prosesi müşahidə edəcəklər. Evdə səs verən seçiciyə heç kim təzyiq göstərə, seçimini soruşa bilməz".

Yerli və xarici media orqanlarının nümayəndələrinin suallarını cavablandıran MSK sədri müşahidəçilərə bir daha diqqətli olmaları barədə tövsiyələr verib.

Tacir SADIQOV,

"Respublika".