Hərbi Prokurorluqda elmi-praktik konfrans
Sosial həyat

Hərbi Prokurorluqda elmi-praktik konfrans

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Soyqırımı Memorial Muzeyində Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, millət vəkilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib, həmçinin Xocalı soyqırımı qurbanları barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Bundan sonra, konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2024-cü il 7 fevral tarixdə keçirilmiş prezident seçkilərində dahi şəxsiyyət Heydər Əliyevin ən layiqli davamçısı İlham Əliyevin parlaq qələbəsinin Azərbaycan xalqının ən böyük uğuru olduğunu xüsusi vurğulayaraq, son 20 ildə ölkəmizin əldə etdiyi misli görünməmiş nailiyyətlərdən, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan hərbi prokuror Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə mühümlüyünü qeyd edən Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Hərbi prokuror Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi "Xocalıya Ədalət!" kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açıb.

Xanlar Vəliyev qeyd edib ki, 5 may 2005-ci il tarixdən Xocalı soyqırımının cinayət işinin istintaqı, ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Cinayət işi üzrə ümumilikdə 81000-dən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29000-dən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi kimi, 30000-dən artıq şəxs şahid qismində dindirilib, 18000-dən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4000-ə yaxın müxtəlif növ ekspertizalar keçirilib, 34000-ə yaxın prosessual qərarlar qəbul edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında Ermənistanın sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tədbirdə millət vəkilləri Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Məşhur Məmmədov, Mahir Abbaszadə, Emin Hacıyev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova və digər şəxslər də bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxışlar ediblər.

Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış soyqırımı haqqında "Əsrin faciəsi" rəqəmsal videodiski nümayiş etdirilib.

“Respublika”.