Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır
Sosial həyat

Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır

Hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1,5 milyon vətəndaşa xidmət göstərildiyini qeyd edib. 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərində vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST təcrübəsinin bu gün dünyanın qabaqcıl təcrübələrindən biri kimi qəbul olunaraq 9 beynəlxalq mükafatla təltif edildiyi, hazırda bir çox ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi vurğulanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023-2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşada DOST xidmətləri infrastrukturu qurulacaq.

İclasda bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılması, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, daxili nəzarət və audit, dövlət qulluğu, kadr məsələləri, digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Mustafa KAMAL,

"Respublika".