Şamaxıda böyük üzüm bağlarını dolu vurub
Sosial həyat

Şamaxıda böyük üzüm bağlarını dolu vurub

Azərbaycanda  qeyri-sabit hava şəraiti kənd təsərrüfatı və əkinlərə ciddi zərər vurmaqdadır. Sığortalı təsərrüfatlara dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır. May ayında baş verən dolu yağması nəticəsində daha bir təsərrüfata zərər dəyib.

"Respublika" xəbər verir ki, Şamaxıda yerləşən böyük üzüm sahəsini dolu vurub. Dolu yetişməkdə olan meyvələrin bir hissəsini məhv edib, eləcə də əkinləri  zədələyib. Dolu nəticəsində zərər çəkən üzüm  bağları Aqrar   Sığorta  Fondu  tərəfindən  sığortalıdır.

Hadisə barədə Aqrar Sığorta Fonduna məlumat verilib, Fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri sahəyə gələrək  ilkin   araşdırma və dəyən  zərərin məbləğinin   hesablanmasını həyata keçiriblər. Araşdırma   prosesinə yerli və Türkiyədən gələn     ekspetlər də cəlb olunub. Zərərin məbləği dəqiqləşəndən sonra  təsərrüfata dəyən  zərərin ödənilməsinə    başlanılacaq.

Xatırladaq  ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri - fırtına, qasırğa, sel, subasmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

Aqrar sığorta güzəştli şərtlərlə təqdim edilir - fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi  dövlət  tərəfindən ödənilir.

Nəriman   CAVADOV,

“Respublika”.