Böyük Qayıdış davam edir
Sosial həyat

Böyük Qayıdış davam edir

Aprelin 22-də növbəti köç karvanı Füzuliyə yola düşüb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb.

30 ildən sonra doğma yurduna qovuşan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbədən sonra Azərbaycanın ən mühüm hədəflərindən biri işğaldan azad edilmiş ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Cəmi 44 gün ərzində döyüş meydanında düşməni diz çökdürən, kapitulyasiyaya məruz qoyan qalib ölkəmiz, eyni zamanda bərpa-quruculuq işlərini qısa müddətdə və yüksək səviyyədə həyata keçirir. Bu günədək icra olunan layihələr onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması dövlətimizin əsas prioritetlərindən birini təşkil edir. Proses çərçivəsində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhər və kəndlərin bərpası, zəruri infrastrukturun qurulması istiqamətində işlər sürətlə aparılır. Ölkəmiz digər bölgələri kimi, işğaldan azad edilmiş rayonların da yüksək inkişaf yoluna qədəm qoyması üçün güclü siyasi iradə nümayiş etdirir. Dövlətimizin başçısının imzaladığı müvafiq sənədə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, bu ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi və reinteqrasiya prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ölkə başçımızın müvafiq Sərəncamı ilə təsdiq edilən Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzuru inkişafa, yüksək həyat tərzinə qovuşduracaq. Proqramın əsas məqsədi ilk beşillikdə 34 min 500 ailənin azad edilmiş ərazilərə köçürülməsini təmin etməkdir.

İşğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblərə uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiqləyib. Həmin dövrədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşması nəzərdə tutulub. Yenidən qurulan Füzuli işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş ərazini əhatə edəcək. Növbəti 20 ildə isə əhalinin sayının 1993-cü illə müqayisədə 2.5 dəfə artacağı və hava limanı da daxil olmaqla, Füzuli şəhərinin 1936 hektar əraziyə malik olacaq.

Vurğulamaq lazımdır ki, dövlətimizin başçısı müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə etmişdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna səfər etdilər. Səfər zamanı ölkə başçısı Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermiş və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə başlanmışdı. Qalib ölkəmiz üçün bu yol böyük rəmzi məna daşıyır. Çünki Vətən müharibəsində hərbçilərimiz, döyüşçülərimiz məhz Zəfər yolunun keçdiyi ərazilərdən Şuşaya daxil olublar. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Zəfər yolunun açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il 7 noyabr tarixində olub.

Bununla yanaşı, Füzulidəki ən böyük infrastruktur obyektlərindən biri olan hava limanı şəhərin əhəmiyyətini daha da artırır. 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı adlandırılır. Hava limanı istənilən tip təyyarələri qəbul etmək imkanına malikdir. Onun qısa müddətdə və yüksək keyfiyyətlə inşası dövlətimizin iqtisadi gücünün təsdiqidir.

Nəzrin ELDARQIZI,

"Respublika".