BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Laçın yolundakı aksiya barədə məlumatlandırılıb
Digər xəbərlər

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Laçın yolundakı aksiya barədə məlumatlandırılıb

Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş onlayn görüşdə iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Allahşükür Paşazadə BMT-nin "Dünyada sülh və birgə yaşamaq naminə Qardaşlıq Sənədi"nin prinsip və dəyərlərinin davamlı təşviqinə, dünyada dinlərarası dialoq və əməkdaşlıq işinə dəyərli töhfələr verən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosa Azərbaycan Prezidentinin salamlarını çatdırıb. Bildirib ki, Papa Fransisk və Əl-Əzharın Baş imamı ət-Tayyib arasında Əbu-Dabidə imzalanmış "Qardaşlıq Sənədi" kimi dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Multikulturalizm", "İslam Həmrəyliyi" illəri, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi", habelə ölkəmizin təşəbbüsü ilə BMT səviyyəsində başladılan "Mədəniyyət naminə sülh" qlobal kampaniyası dünyada sülh və birgəyaşayış amallarına xidmət edir.

Şeyxülislam Allahşükür Paşazadə din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssaslıq kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınmasının zəruriliyinə diqqət çəkib. Bildirib ki, bu yaxınlarda bəzi Avropa ölkələrində, o cümlədən İsveç və Niderlandda radikal şəxslər tərəfindən "Qurani-Kərim"in yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror aktları olduqca təhlükəli təzahürlərdir. A.Paşazadə Tehrandakı səfirliyimizə hücuma da toxunaraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirib və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət bildirməyə çağırıb.

Otuz il boyunca erməni işğalçılarının ərazilərimizi yandırmasının, məscid, kilsə, sinaqoqlarımızı məhv etməsinin, heç şübhəsiz, insan qardaşlığı prinsiplərinə təməldən zidd olduğunu bildirən Allahşükür Paşazadə buna baxmayaraq, Azərbaycanın bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyini diqqətə çatdırıb. Təəssüflə vurğulayıb ki, Ermənistan revanşizmə meyil göstərir və bu istiqamətdə ən böyük təbliğatçı rolunda erməni kilsəsi çıxış edir. Halbuki kilsə Uca Yaradanın buyurduğu sülh və dinc birgəyaşayış dəyərlərini təşviq etməlidir.

Laçın yolundakı aksiya ilə bağlı məsələyə toxunan QMİ sədri qeyd edib ki, yol humanitar yüklər üçün açıqdır. Şeyxülislam Allahşükür Paşazadə xüsusi qeyd edib ki, təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasına etiraz əlaməti olaraq ekofəalların Azərbaycanın suveren ərazisi olan Laçın dəhlizində keçirdiyi dinc aksiyanın guya humanitar fəlakətə səbəb olduğu barədə feyk xəbərlər yaymaq əvəzinə, erməni dövləti və cəmiyyəti real sülh quruculuğu, dinc qonşuluq münasibətləri yaratmaq yönündə səylər göstərərək, bölgədə və dünyada insan qardaşlığı məramına xidmət göstərə bilərdi.

Sonda QMİ sədri BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşün dünya miqyasında qarşılıqlı etimad mühitinin yaradılması, insan qardaşlığının bərqərarı işinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.