Bizim yurdlara xoş günlər yaraşır
Sosial həyat

Bizim yurdlara xoş günlər yaraşır

Respublikanın Əməkdar müəllimi Validə Həsənova Cəbrayıl rayonunun Soltanlı kəndində boya-başa çatıb. Validə xanımın Cəbrayıl rayon Təhsil şöbəsinə rəhbərlik etdiyi illərdə təlim-tərbiyə işi yüksək səviyyəyə qaldırıldı. Respublikanın 55 rayon və şəhərində məskunlaşan cəbrayıllıların mühüm sahə olan təhsil problemlərini qarşılamaq o qədər də asan deyildi. Buna baxmayaraq Validə xanım işinin öhdəsindən gəldi. Hər dəfə görüşəndə Soltanlıda tarixən təhsilə yüksək qiymət verildiyindən, bu kəndin sözün həqiqi mənasında savadlılar, ziyalılar kəndi olduğundan həvəslə söz açırdı:

- Bizim yurdlara xoş günlər yaraşır, deyirdi.

Aradan illər keçib. Validə xanım təqaüddədir. Bu yaxınlarda onun "Bir Tanrı sənəti" adlı kitabının çap olunduğunu eşitdim. Kitab Cəbrayıl təhsilinə, bu müqəddəs işə könül bağlayıb elmi adlar alan, respublikada yüksək vəzifələr tutan soltanlıların həyat və fəaliyyətinə həsr olunub.

Kitabın hansı tələbatdan ərsəyə gəlməsi ilə maraqlanıb Soltanlı ziyalıları barədə kiçik araşdırma apardıq. Aydın oldu ki, Soltanlının işğaldan əvvəl 2 məktəbi olub. 1993-cü ilə kimi bu məktəbdən 40-dan çox alim çıxıb. Məktəbin yetirməsi Həsən Həsənov Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsinə yüksəlib. Akademik Arif Həsənov uzun müddət Respublika Seysmoloji Xidmət Mərkəzinə rəhbərlik edib. Tofiq Hacıyev Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışıb. Şair Sərdar Əsəd, yazıçı Tahir Kazımov, jurnalistlərdən Hüseyn Mehrəliyev, Sərdar Əliyev, İsmayıl Hacıyev və başqaları Soltanlı məktəblərinin məzunları olublar. Bu adamlar Validə xanımın dediyi kimi, "Bir Tanrı sənəti" olan təhsil ocağına, məktəbə borcludurlar.

Soltanlı barədə qısa məlumat bir daha onu göstərir ki, bu kənd üçün inkişaf, irəliləyiş bir vaxtlar burada yaşayan insanların halal haqqıdır. İşğaldan azad olunmuş Soltanlının yaxın günlərdə təməlinin qoyulması əsl bayram əhvali-ruhiyyəsi yaradır. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən sonra ikinci böyük kənd - Soltanlının Baş planı layihəsi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Təməlqoyma mərasimində iştirak edən Cəbrayıl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinovla əlaqə saxladıq. Şahin müəllim dedi:

- Layihələndirilən Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Soltanlının yaxınlığında yerləşir. Qeyd olunanlarla yanaşı, mövcud olmuş məskunlaşma ərazisini formalaşdıran kənd yolları, sel sularının axıb keçdiyi dərə plan quruluşunun təşkilinə təsir edən amillərdir.

Ümumi sahəsi 389,82 hektar olan və 1525 ailənin yaşayacağı proqnozlaşdırılan bu məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 144 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da yerləşdirilib.

Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində "ağıllı kənd" yanaşmaları tətbiq olunacaq.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırda buynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" na əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev 78 hektar ərazidə tikiləcək.

Təməlqoyma mərasimindən sonra Soltanlı kəndində geniş quruculuq işlərinə başlanılıb. Kənd sakinləri - müxtəlif yerlərdə məskunlaşan insanların hamısı - sıravi sakinlərdən tutmuş bu kəndə şöhrət qazandıran alimlərin sevinci hədsizdir. Validə xanımın dediyi sözlər özünü doğrultmaqdadır: "Bizim yurdlara xoş günlər yaraşır"...

Tofiq HÜSEYN,

"Respublika".