Türk dünyası

"Bir millət, iki dövlət, tək ordu" nümunəsi

Ordu dövlət üçün əsas faktordur. Onun mövcudluğu dövlətin torpaq bütövlüyünü və milli təhlükəsizliyini qoruyan mühüm mənbədir. Hərbi güc daxili və xarici təhlükələrə qarşı mövqeyi qoruyur və müdafiə edir. Ordunun mövcudluğu dövlət içində qanun və nizamın qorunmasında əhəmiyyətli rol oynayır.

Mühüm məsələ isə ordunun mövcudluğu dövlətin bölgədə və regional səviyyədə istiqlalını, stabilliyini və nizamlılığını təmin etməkdə və təhlükəsizlik məsələlərinin həllində əsas faktordur. Bu faktlar ordunun dövlətin müstəqilliyini, təhlükəsizliyini, siyasi və hərbi gücünü təmin edən və sosial stabilliyi qoruyan əsas element olduğunu göstərir.

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun inkişafı, möhkəmlənməsi Ümummilli Liderin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Heydər Əliyevin əvəzsiz xidmətləri nəticəsində ərsəyə gələn ordumuz Ulu Öndərin adını və əməllərini özündə daim yaşadacaqdır. Silahlı Qüvvələrin güc və ilham mənbəyi olan xalq və ordu birliyinin nəzəri və əməli bazasını təmin edə biləcək ən yaxşı örnək Azərbaycan xalqının müstəqil dövlət quruculuğunun fəlsəfəsini əks etdirən Heydər Əliyev irsidir.

Bu irsin layiqli davamçısı İlham Əliyev daim öz ordusuna xüsusi diqqət, qayğı göstərib. "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda ordumuz Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Azərbaycan xalqı öz Prezidentinə və ordusuna daim etibar edir və ona arxalanır. Bunun nəticəsidir ki, cəmi 44 günə ordumuz doğma dədə-baba torpaqlarını düşmənin zəhərli pəncəsindən qurtarıb. Ötən günlərdə növbəti komando hərbi hissəsinin açılması mərasimində ölkə başçımız Ordumuzun inkişafından və gücündən danışıb: "İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır.

Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir".

Ordumuzun gücü dünyada dillər əzbəridir. Bunun nəticəsidir ki, dünyanın hərbi analitik mərkəzləri müharibədə qazanılan qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

Ordu quruculuğunda və onun inkişafında əməkdaşlıq məsələləri əsas yer tutur. Bu mənada qardaş Türkiyə ilə edilən əməkdaşlıq Ordumuzun daha çox inkişaf etməsinə mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasında ilk hüquqi addım hələ 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanmasıyla başlayıb. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində yüzlərlə azərbaycanlı zabit təhsil alıb. Qardaş ölkənin aktiv iştirakı və köməyi ilə ölkəmizin zabit heyətinin ehtiyacını qarşılayan ən önəmli təhsil müəssisələrindən olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi NATO standartlarında təhsil verən təhsil ocağı səviyyəsinə çatdırılıb. Nəticədə hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün qardaş Türkiyəyə və ya digər ölkələrə göndərilir. Həmçinin onu da qeyd edək ki, bu günə qədər iki ölkənin müdafiə nazirlikləri arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında bir çox mühüm müqavilələr imzalanıb. Hərbi sənayesi ilə qüvvətlənən Türkiyənin müxtəlif silah sistemlərinin ölkəmizlə birlikdə istehsalı da qardaşlıq ittifaqının müdafiə sənayesində də müştərək layihələr həyata keçirərək ordularının gücünə-güc qatacağının bariz nümunəsidir.

İki qardaş ölkə arasında dostluq əlaqələri hərbi sahədə də yüksək səviyyədə inkişaf edib. Ötən günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibətilə Türkiyə Milli Müdafiə Nazirliyi təbrik paylaşımı edib. Orada qeyd olunub ki, azərbaycanlı türk qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət edən güclü Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik.

İki qardaş ölkə arasındakı dostluq münasibəti onun hərbi strategiyasına da təsir edir. İyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük.

Qeyd edək ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, həmçinin müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım, hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də özündə əks etdirən mühüm addımlardan biridir. Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq, hər iki ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması məqsədilə regionda həyata keçirilən ən əhəmiyyətli işlərdəndir. Bu əməkdaşlıq çərçivəsində iki ölkənin hərbi qüvvələri arasında müxtəlif təlim və tədbirlər təşkil olunur.

Türkiyə hərbi təlimləri, Azərbaycan Ordusunun təlim və təkmilləşdirilməsi üçün vacib rol oynayır. Bu təlimlər, hərbi birliklərin əməliyyat qabiliyyətini artırmaq, təlimlər və taktiki bacarıqları yüksəltmək, komandalar arasında təcrübə mübadiləsi təmin etmək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Türkiyə hərbi təlimləri, hər iki ölkənin regional stabilliyini təmin etmək məqsədilə həyata keçirilir və hər hansı bir üçüncü tərəfə qarşı təhdid məqsədi ilə nəzərdə tutulmayıb.

Azərbaycan və Türkiyə arasındakı hərbi təlimlər, strateji tərəfdaşlıq və təkmilləşmənin nümunəsidir. Bu təlimlər, iki ölkənin hərbi əməkdaşlığını, əlaqələrini və müxtəlif təhlükəsizlik məsələlərinin həllini gücləndirir. Bölgədə sülh və təhlükəsizlik məsələləri üzrə daha səmərəli birgə əməkdaşlıq planı ortaya qoyulur.

Qardaş Türkiyə ilə birgə keçirilən "Qardaş yumruğu", "Bir millət, iki dövlət, tək ordu", "Anadolu Qartalı-2023", "Alpan-2023", "Heydər Əliyev təlimi-2023" və digər hərbi təlimlər qardaşlığın əsl nümunəsi olmaqla yanaşı, gələcək hərbi uğurlarımızdan da xəbər verir. Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan və Türkiyə orduları arasında 20-yə yaxın müxtəlif təyinatlı birgə təlimlər həyata keçirilib. Sonrakı illərdə də bu ənənə davam etdirilib. Bu il isə 10-dan çox hərbi təlim keçirilməsi nəzərdə tutulub. Bununla bağlı Prezident İlham Əliyev bildirib: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".

Töhfə SƏMƏDOVA,

"Respublika".