Türkiyə texnologiya sahəsində dünya liderliyinə hazırlaşır
Türk dünyası

Türkiyə texnologiya sahəsində dünya liderliyinə hazırlaşır

Türkiyənin Dokuz Eylül Universiteti (DEU), Elektron Materiallar İstehsal və Tətbiq Mərkəzi (EMUM) Selçuk Bayraktar İncə Filmi ilə müdafiə sənayesində kritik rol oynamağa hazırlaşır. DEU-nun mühəndislik tətbiqləri üzrə təhsil və tədqiqat fəaliyyətlərinin həyata keçirildiyi laboratoriya, sektor ehtiyaclarına uyğun yüksək texnologiyalı məhsul inkişafı, istehsal edilən prototiplərin sənayeyə təqdim edilməsi və innovativ işlərilə də diqqət çəkir.

Bununla bağlı açıqlama verən Dokuz Eylül Universitetinin rektoru professor Nükhet Hotar EMUM Selçuk Bayraktar İncə Film Laboratoriyasının Türkiyənin milli hədəfləri çərçivəsində müdafiə, aviasiya və kosmos sənayesində mühüm vəzifələr yerinə yetirməyə hazır vəziyyətə gətirildiyini bildirib. Rektor vurğulayıb ki, 11 fərqli laboratoriyanı özündə birləşdirən Elektron Materiallar İstehsal və Tətbiq Mərkəzimiz təhsil və tədqiqat fəaliyyətləri ilə yanaşı, müdafiə, aviasiya və kosmos sənayelərində sektor ehtiyaclarına uyğun məhsul inkişaf işlərini həyata keçirir. Bu laboratoriyaların ən əhəmiyyətlilərindən biri olan EMUM Selçuk Bayraktar İncə Film Laboratoriyamız günəş batareyaları, radar uducu sistemlər, ağıllı qoruyucu geyimlər, elektron və optik sensorlar üçün nazik filmlər və elektron materiallar kimi bir çox yüksək texnologiyalı məhsullar hazırlayır.

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Əsri vizyonuna uyğun olaraq mərkəzdə və laboratoriyada DEU Elmi Tədqiqat Layihələri Koordinasiya Ofisinin dəstəyi ilə hazırda xaricdən yüksək xərclərlə gətirilən hədəf materialları yerli və milli səviyyədə hazırlanır.

Onu da qeyd edək ki, İncə Film Laboratoriyalarına Türkiyənin Milli Texnologiya Hərəkatı və Türk Yüzyılının veteranı Selcuk Bayraktarın adı verilib. S.Bayraktar istehsalı və layihələri ilə milli müdafiə sənayesinin inkişafında, gücləndirilməsində və bu günə qədər çatdırılmasında mühüm rol oynayır. S.Bayraktar Dokuz Eylül Universitetinə səfəri zamanı İncə Film Laboratoriyasına iki cihaz hədiyyə edib. Bunlardan biri ultrabənövşəyi ilə görünən bölgənin diffuz əks etdirmə spektrofotometridir. O, dəyişən dalğa uzunluqlarında nazik təbəqələrin, bərk və maye nümunələrin optik xüsusiyyətlərini təyin etməklə yanaşı, kimya, biologiya, elektronika, materiallar və nano elmlər üzrə araşdırmalara imkan verəcək. Digər bir cihaz olan atom qüvvəsi mikroskopu isə nazik təbəqələrin və materialların səthlərinin üçölçülü xəritələrini yaratmaq və səth pürüzlülüyünü təyin etmək kimi məqsədlər üçün istifadə olunacaq və biologiya, sağlamlıq, materialşünaslıq və bir çox mühəndislik sahəsində araşdırmalara töhfə verəcəkdir.

EMUM-un yaradılmasında əsas məqsəd mərkəzin mühəndislik və fundamental elmlərin inteqrasiyası ilə ölkənin daxili imkanlarından istifadə edərək elektron material və cihazlar istehsal etmək, sənayeyə prototiplər çıxarmaq və nanotexnologiya və səth texnologiyaları sahəsində yerli və xaricdəki inkişaflara öncüllük etməkdən ibarətdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.