İğdır
Türk dünyası

İğdır "Zəngəzur: tarix və müasirlik"

Beynəlxalq Qarabağ Təşkilatının (BQT) İğdır Azərbaycan dil, tarix və mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evinin təşəbbüsü, həmçinin təşkilatçılığı ilə İğdırda "Zəngəzur: tarix və müasirlik" mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib. İğdır Kültür Mərkəzində baş tutan  konfrans Azərbaycanın müstəqilliyinin bərpasının 32-cü ildönümü günü baş tutub.

Konfransda Türkiyə və Azərbaycanın, ümumilikdə Türk şəhidlərinin xatirəsi bir dəqiqəlik  sükutla yad edilib. Sonra Türkiyənin İstiqlal marşı və Azərbaycanın Dövlət Himni səsləndirilib.  Bundan sonra Azərbaycan və Türkiyənin qardaşlığından bəhs edən film nümayiş etdirilib. 

Konfransda çıxış edən İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar  ölkələrimizin dostluq və qardaşlıq  münasibətlərindən bəhs edib. O deyib: "Türkiyə və Azərbaycan bir-birini heç bir zaman özündən fərqli görməyən, sevincinə sevinən, kədərinə kədərlənən ölkələrdir. Tarixdə aramızda ayrılıqlar olmasına baxmayaraq, heç vaxt ayrılmadıq". Z.Z.Acar  sonra Azərbaycanın böyük zəfərlərindən, Zəngəzur dəhlizindən danışıb.

Azad Vətən Partiyasının sədri, Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Akif Nağı vurğulayıb  ki, biz bir millət, iki dövlət deyirik, eyni zamanda bir dil, iki dövlət ifadəsini də işlətməliyik. "Azərbaycanın Zəngəzur bölgəsinin tarixşünaslığına dair" mövzusunda məruzə edən natiq Qarabağdakı zəfərlərimizlə bağlı da  danışıb.

Van Kürəsinlilər Dərnəyinin başqanı Bilal Yücebaş Vanda, Ərzurum Atatürk Universitetinin müəllimi, tarix doktoru Gürsoy Solmaz, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəfli və başqaları çıxış ediblər.

Tarix elmləri doktoru, professor Tofiq Nəcəfli "Azərbaycanın Zəngəzur diyarı XIII-XIV əsrlərdə" mövzusunda məruzəsində bildirib ki, ötən əsrin əvvəllərində Zəngəzur ətrafında başlanan oyunlar təxminən 7682 kvadratkilometrlik ərazinin yarıdan çoxunun Ermənistana verilməsi ilə nəticələnib: "Zəngəzur Cənubi Qafqazın ən füsunkar bölgələrindən biridir. Tarixi toponimlər də bu ərazinin türklərə məxsus olduğunu sübut edir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.