Beynəlxalq təşəbbüslərlə atəşkəs əldə oluna bilər
Siyasət

Beynəlxalq təşəbbüslərlə atəşkəs əldə oluna bilər

Oktyabr ayının ilk həftəsində "Həmas"ın silahlı qanadı "İzzəddin əl-Kassam" briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı "Aksa tufanı" əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib. Briqada komandanının sözlərinə görə, İsrailin hərbi obyektlərinə və hava limanlarına raket zərbələri endirilib. Hazırda davam edən münaqişə nəticəsində hər iki ölkənin ciddi itkiləri var.

İsrail və Fələstin arasında olan münaqişənin kökləri dərindir. Belə ki, siyasi, geosiyasi, dini, ideoloji, iqtisadi, demoqrafik problemlər var. Ərəb dünyası arasında isə ortaq bir fikir yoxdur. Digər tərəfdən, Fələstin İsraili bir dövlət kimi qəbul etmək istəmir. Müqəddəs yerlər uğrunda mübarizə gedir. Bütün bunlar çətin və həll edilməsi qəliz olan bir vəziyyəti formalaşdırır. Günahsız insanlar həyatlarını itirirlər. Bu, əlbəttə ki, insanlıq və bəşəriyyət əleyhinədir. Düşünürəm ki, tez bir zamanda sülhün əldə olunması üçün koalisiya formalaşdırılmalıdır. Nə qədər ki, dünyada öz siyasi ambisiyalarını yerinə yetirməyə çalışan, öz maraqlarını güdən qüvvələr var, o zaman müharibələrin sonu olmayacaq. XX əsrdən bu yana bu problemi həll etmək də müşkül görünür. Amma ümid edirəm ki, məhz elə beynəlxalq təşəbbüslərlə, vasitəçilik imkanları ilə sülhün və atəşkəsin əldə olunması mümkün olacaqdır.

İlyas HÜSEYNOV,

politoloq.