Beynəlxalq Qadınlar Günü münasibətilə Baş Prokurorluqda tədbir
Sosial həyat

Beynəlxalq Qadınlar Günü münasibətilə Baş Prokurorluqda tədbir

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qadın prokurorluq işçilərini, dövlət qulluqçularını və veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Baş prokuror 8 Mart - Beynəlxalq Qadınlar Gününün uzun illərdən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qeyd edildiyini bildirib.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq Azərbaycanda qadınların ictimai fəallığının yüksək səviyyədə olduğu, qadınların dövlət idarəçiliyinin müxtəlif səviyyələrində, parlamentdə, hökumətdə, hakimiyyət orqanlarında, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə fəal rol oynadığı diqqətə çatdırılıb.

Ümummilli Liderimizin əsasını qoyduğu bu siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi qeyd edilərək, ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunduğu, qadınlarımızın bütün strukturlarda ön sıralarda fəaliyyət göstərdikləri bildirilib.

Xüsusi olaraq vurğulanıb ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Qadınların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində də yüksək sədaqət və peşəkarlıq göstərdikləri, hüquqşünas və qanun keşikçiləri kimi hüquq sistemində pozitiv dəyişikliklərin baş verməsində mühüm rol oynadıqları bildirilib.

Hazırda prokurorluq işçisi olan qadınlardan 105 nəfərin müsabiqə yolu ilə işə qəbul edildiyi vurğulanaraq diqqətə çatdırılıb ki, onlardan 10 nəfər rəhbər vəzifədə, o cümlədən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru və 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.

Prokurorluq orqanlarında uzun müddət fəaliyyət göstərmiş Əntiqə Qonaqova və Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elfanə Bayramova çıxış edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində, o cümlədən prokurorluq orqanlarında gender bərabərliyi siyasətinin uğurla davam etdirildiyini vurğulayıblar.

Daha sonra xidməti fəaliyyətdə fərqlənən qadın prokurorluq əməkdaşlarına və veteran xanımlara mükafatlar təqdim edilib.

Tədbir zamanı prokurorluqda çalışan xanım əməkdaşların fəaliyyətinə həsr olunan "Zərif Güc" adlı qısametrajlı film nümayiş olunub.

“Respublika”.