Berlində keçiriləcək konfrans Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarına töhfə verəcək
Digər xəbərlər

Berlində keçiriləcək konfrans Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarına töhfə verəcək

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın ən qədim, strateji, coğrafi-siyasi mövqeyə malik zəngin bölgələrindən biridir. Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri--qədim yaşayış məskənləri, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, məscid, pir və ocaqlar da təsdiq edir.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımız erməni vandallarının xəyanəti nəticəsində XX əsrdə 4 dəfə deportasiyaya məruz qalmış, itkilər vermiş, məcburən ata- baba torpaqlarını tərk etmişlər. 1988-ci ildə 300 min Qərbi azərbaycanlı indiki Ermənistan  ərazisindən qovulmuş, o yerlərdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

24 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycanın bir qrup ziyalıları ilə görüşü olmuşdur. Həmin tədbirdə ölkə başçısı vurğulamışdır ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra bu gün bizim əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdışı reallaşdırmaqdır. Qərbi azərbaycanlıların hər birinin qəlbi yurd həsrəti ilə döyünür, haylar heç vaxt o qədim Azərbaycan ərazilərinə sahib çıxa bilməz. Cəhd göstərsələr də dərhal “dəmir yumruq” başlarına enər.

Bu gün Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdəndir və bu istiqamətdə mühüm işlər görülür. Qərbi Azərbaycan İcması tərəfindən həyata keçirilən işlər beynəlxalq ictimaiyyət  tərəfindən də dəstəklənir. Hətta Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi  Qərbi Azərbaycan İcmasının  Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlamışdır. Müraciət, həmçinin sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi, soydaşlarımızın etnik təmizləmənin və insanlığa qarşı  cinayətlərin qarşısının alınmasına dair bəndlər  ilə əlaqələndirilmişdir.

BMT-yə edilən müraciət indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurlardandır.

Qeyd etmək lazımdır ki, 7 may 2023-cü ildə Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində “Beynəlxalq Hüquqda Qayıdış və Deportasiya: Konsepsiya və Məzmun” adlı konfrans keçiriləcəkdir. Konfransın əsas məqsədi beynəlxalq hüquqda əks olunmuş “Vətənə qayıdış hüququ”na əsaslanmaqla Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın  öz yerlərinə qayıtması və bu sahədə beynəlxalq məlumatlılığın artırılması işinə diaspor fəallarının töhfəsi istiqamətində fikir mübadiləsi aparmaqdır.

Berlin Konfransı tarixə çevriləcək, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarına töhfə verəcəkdir.

Nuran ABDULLAYEV,

Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru, dosent.