Qərbi azərbaycanlıların hüquqları təmin edilməlidir
Digər xəbərlər

Qərbi azərbaycanlıların hüquqları təmin edilməlidir

XX əsrin bəlası - Deportasiya

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu milli faciənin davamı kimi torpaqlarımızın zəbti başlandı. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan xanlığının ərazisinə, eləcə də Qərbi Azərbaycanın Göyçə, Dərələyəz və digər ərazilərinə ayrı-ayrı ölkələrdən gələn ermənilər yerləşdirildi. Bununla da, azərbaycanlıların öz tarixi torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyuldu və "böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı.

Bu uydurma dövlətin Qərbi Azərbaycan torpaqlarında yaradılması məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Qərbi Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların tərkib hissəsini təşkil edirdi. Belə ki, "böyük Ermənistan" yaratmaq xülyası ilə erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini də əhatə etdi.

Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Hətta qışın boranlı-çovğunlu günlərində erməni vandalları Göyçə gölünə yüzlərlə azərbaycanlı doldurub, onları zülm və işgəncə ilə öldürdülər. Deyilənə görə, bu faciənin təşəbbüskarları Bakıda özünə bolşevik pərdəsi altında yer tutan, Leninin yaxın silahdaşı Stepan Şaumyan tərəfindən mükafatlandırılmışdı.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən faşist xislətli erməni vandalları öz iddialarını min bir hiylə ilə reallaşdırmağa nail oldular. Həmin vaxtlarda Qərbi Azərbaycanda ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər İrəvanda, Vedidə, Göyçədə, Dərələyəzdə və azərbaycanlıların yaşadıqları digər ərazilərdə evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq nümunələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar. 1918-ci ilin mart ayında polkovnik Silikyanın başçılıq etdiyi quldur dəstəsi Göyçə gölünün ətraf ərazilərində, Çəmbərəkdə, Basarkeçərdə analoqu olmayan vəhşiliklər törətmişlər.

Bıçaq sümüyə dirənəndə Azərbaycanın mərd və cəsur oğulları ayağa qalxıb Silikyanın daşnak ordusunu məhv etdilər. Bu xəbər Bakıda Stepan Şaumyanı və digər erməni vandallarını şok vəziyyətinə saldı.

Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarla 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Bu xəyanətin reallaşmasında ermənipərəst rəhbərlərdən İ.Stalinin və Molotovun satqınlığı, ikiüzlülüyü xüsusilə qeyd olunmalıdır.

Erməni şovinistləri havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Qərbi azərbaycanlılara qarşı mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. Erməni xalqının yazıq, məzlum surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi.

1988-ci ildən ortaya atılan keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin ilkin mərhələsində yüz minlərlə Qərbi azərbaycanlının öz tarixi torpaqlarından qovuldu. Belə bir çətin məqamda azərbaycanlılar arxasız, dayaqsız qaldı. Ermənilər nə dedisə Moskva da onu təsdiqlədi.

Son deportasiya dövründə ermənilər tərəfindən öldürülən 217 günahsız insandan 70 nəfəri Basarkeçər və Çəmbərəkdən oldu. Onlardan 48 nəfəri dağlarda borana düşdü.

1988-ci ildə Göyçə mahalının Basarkeçər və Çəmbərək rayonundakı kəndlərdə azərbaycanlılar deportasiyaya qarşı etiraz mitinqləri keçirdilər. Soydaşlarımız Ermənistan rəhbərliyini, xüsusilə Moskvanı haqlı olaraq tənqid etdilər.

Artıq 36 ildir ki, Qərbi azərbaycanlılar ata-baba yurdlarından ayrı düşmüşlər. Xüsusilə yaşlı nəslin nümayəndələri Qərbi Azərbaycan üçün çox darıxır, yurd həsrəti ilə yaşayırlar. 24 dekabr 2022-ci ildə bir qrup Qərbi azərbaycanlılarla Prezident İlham Əliyevin görüşü olmuşdur. Bu tədbirdən sonra insanların doğma el-obalarına qayıdacaqlarına olan inamı qat-qat artmışdır.

Xalqımız Vətən müharibəsində tarixi qələbə qazandı. Cəmi 44 gün ərzində 30 il işğal altında olan ərazilərimiz yağı düşməndən azad olundu, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Əzəli yurd yerlərimiz bizi gözləyir. Qərbi azərbaycanlıların hüquqları bərpa olunmalıdır!

Yaşar KƏRİMOV,

polkovnik.