YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Zəfərə aparan yol: Böyük siyasətin möhtəşəm qalibiyyəti
Digər xəbərlər

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Zəfərə aparan yol: Böyük siyasətin möhtəşəm qalibiyyəti" mövzusunda konfrans keçirilib

Yanvarın 10-da Bakı Ali Neft Məktəbində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının təşkilatçılığı ilə "Zəfərə aparan yol: Böyük siyasətin möhtəşəm qalibiyyəti" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ötən illər ərzində böyük uğurlar qazandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, uğurların zirvəsində Qarabağ Zəfəri dayanır. Hazırda isə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri həyata keçirilir.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.

A.Rəhimzadə deyib ki, erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması dövlətimizin qarşısında duran başlıca vəzifələrdəndir. Onun sözlərinə görə, bölgədə iqtisadiyyatın dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanlarımızın rifah halının daha da yaxşılaşdırılmasına töhfəsini verəcək.

Tədbirdə məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov Azərbaycanın müasir tarixində baş verən hadisələrdən danışaraq tarixi məqamları iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə görə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, 2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi və 2020-ci ildə qazanılan Zəfərimiz müasir dövrümüzün tarixi və əlamətdar hadisələridir. Çünki bu üç hadisə Azərbaycan xalqının tarixində önəmli rol oynayıb.

Dövlətçilik tariximizdən, müəyyən xarici dairələrin xalqımıza qarşı planlarından və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən məruzəçi vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. M.Mərdanov deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda fəal siyasət həyata keçirir, dünyada nüfuzlu dövlət kimi tanınır. Məhz uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Həmçinin ölkəmiz regionda transmilli, qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır.

M.Mərdanov bildirib ki, ötən dövrdə ölkəmiz bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu isə Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Kosmik ailənin üzvünə çevrilən Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində qlobal təşəbbüslərin müəllifidir. Eləcə də ölkəmizdə milli-mənəvi dəyərlər daim qorunur, multikultural ənənələr diqqətdə saxlanılır.

Bütün dünyanın ölkəmizin regionda yaratdığı reallıqları qəbul etməsinin məhz Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin nəticəsi olduğunu diqqətə çatdıran məruzəçi deyib: "Bütövlükdə Prezident İlham Əliyev xalqımız üçün ən ağrılı məsələ olan Qarabağın işğalına son qoydu. Qarabağ Zəfəri tariximizin ən şanlı səhifələrindən biridir. Hazırda isə qarşımızda dayanan ən mühüm vəzifə Böyük Qayıdışın təmin olunmasıdır. Dövlətimizin başçısının rəhbərliyi ilə bu istiqamətdə fəal iş gedir. Aparılan işlərin nəticəsində işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı bərpa ediləcək, əhalinin qayıdışı təmin olunacaq".

Tədbir müzakirələrlə davam edib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

AZƏRTAC