Ermənistanın insanlıq əleyhinə cinayətlərinə beynəlxalq ictimaiyyət biganə qalmamalıdır
Digər xəbərlər

Ermənistanın insanlıq əleyhinə cinayətlərinə beynəlxalq ictimaiyyət biganə qalmamalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də məşhur "Euronews" televiziyasına verdiyi müsahibədə ilin sonunadək sülh sazişinin imzalana biləcəyini deyib: "Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik".

Lakin qarşı tərəf məsələyə hələ də konstruktiv yanaşmır. Belə ki, 1991-ci il dekabrında Xocalı rayonunun Meşəli kəndində erməni silahlı birləşmələrinin 25 nəfərin ölümü, 14 nəfərin yaralanması və 358 nəfərin yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən insanlıq əleyhinə cinayətin əsas iştirakçılarından biri olan Vaqif Çerkezoviç Xaçaturyanın Laçın nəzarət-buraxılış məntəqəsində saxlanılmasına erməni diaspor və QHT-lərin məsələyə qeyri-obyektiv yanaşması və böhtan dolu çıxışları sülh prosesinin bilərəkdən uzadılmasının bariz nümunələrindəndir. 2013-cü ildən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən Vaqif Xaçaturyanın Meşəli kəndində törətdiyi faciə dünya mediasında öz əksini geniş şəkildə tapmalı və bu, digər quldurların da tutulmasına rəvac verməlidir.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskƏndƏrli bildirib ki, Vaqif Xaçaturyanın törətdiyi cinayətlərlə bağlı yaxın gələcəkdə keçiriləcək açıq məhkəmə prosesi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır: "Meşəli sakinləri beynəlxalq ictimaiyyətə müraciət edərək tələb ediblər ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsinlər. 32 ildir ki, Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb. Onlar bu faciəni nə görmək, nə də ki eşitmək istəməyiblər".

Meşəli sakinləri öz müraciətlərində Xaçaturyanı qanun qarşısında cavab verməyə çağırsalar da, bu çağırışın Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi olmadığını qeyd edirlər. Çünki soydaşlarımızın Xaçaturyan və onun əli qanlı silahdaşlarından fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyi olmayıb. QHT sədri bildirib ki, müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçəndən sonra, qarşı tərəfin və bəzi xarici təşkilatların onun azad edilməsinə çağırışlar etmələri, guya mülki şəxsin həbs edilməsi kimi Azərbaycana qarşı ittihamları tamamilə əsassızdır. Hələ 2013-cü il noyabr ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Vaqif Xaçaturyan beynəlxalq axtarışa verilmişdir. O, artıq 10 ildir ki, beynəlxalq konvensiyalarla qadağan edilən müharibə cinayətləri törətdiyinə görə axtarışdadır.

"Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı işgəncələr və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan erməni quldurlar Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı 2021-ci ildə keçirilmiş cinayət işi üzrə məhkəmə prosesi zamanı olduğu kimi, Vaqif Xaçaturyanla bağlı məhkəmə prosesində də zərərçəkmişlərin ifadə verməsi, tərcüməçi ilə təmin olunması, Ombudsman, QHT və media nümayəndələrinin müstəqil müşahidəsinə lazımi şəraitin yaradılması, ümumiyyətlə ədalətli məhkəmə araşdırması, şəffaf və açıq məhkəmə ilə bağlı bütün beynəlxalq standartlar çərçivəsində proses keçirilməli və bu proses vasitəsilə Meşəli kəndində baş vermiş hadisələr bir daha beynəlxalq ictimaiyyətə çatdırılmalıdır", - deyə QHT sədri bildirib.

Tacir SADIQOV,

"Respublika".