Basketbol üzrə Azərbaycan çempionatının start tarixi dəqiqləşib
İdman

Basketbol üzrə Azərbaycan çempionatının start tarixi dəqiqləşib

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 -cü illər mövsümünün start tarixi dəqiqləşib.

"Respublika" xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 29-cu ölkə çempionatı oktyabrın 22-də başlayacaq.

Ötən ildən fərqli, bu mövsüm liqada 10 komanda - "Sabah", NTD-INDIGO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" çempionluq uğrunda mübarizə aparacaq.

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar play-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu “altılıq”da ilk iki sıranı tutan komandalar birbaşa play-off mərhələsinin yarımfinalından, digər dörd kollektiv isə 1/4 finalından mübarizəyə start verəcək. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanan klub qalib olacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunları "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman komplekslərində baş tutacaq.