Bardağı daşıran damla
Dünya xəbərləri

Bardağı daşıran damla

Fransada irqi ayrıseçkiliyə etiraz olaraq başlayan kütəvi iğtişaşlar davam edir

Cinayətlər, soyqırımlar, qan donduran vəhşilik nümunələri… Dünyada elə ölkələr var ki, onların tarixinə nəzər yetirdikdə keçmişinin qeyd etdiyimiz üç sözdən ibarət olduğunu görmək mümkündür. Eynilə hayların havadarı Fransa kimi.

Son günlər ölkədə baş verən kütləvi iğtişaşlar, genişmiqyaslı etiraz aksiyaları,  narazılıqlar, hüquq-mühafizə orqanları əməkdaşlarının  cinayətləri Fransanın əllərini qana bulamaqdan usanmadığının göstəricisidir. Təəssüflə qeyd etmək lazımdır ki, hər nə qədər Fransanın adı demokratiyada anılsa da, əslində bütün baş verənlər bunun tam əksini iddia edir. Dövlət daxilindəki qanun pozuntuları, özbaşınalıq buradakı mürəkkəb situasiyanı göz önünə sərir. Etirazların Fransa hakimiyyətinin ölkəni idarə edə bilməməsinin nəticəsi olduğu, yaranmış mürəkkəb vəziyyət xalqın Prezident Makrona və onun administrasiyasına etimadının itməsinin göstəricisi kimi dəyərləndirilir. Artıq Makron hakimiyyəti özünün əsl simasını demokratiya adı altında gizlətməyə qadir deyil.

Məlum olduğu kimi, iyunun 27-də Nanter şəhərində Nael adlı 17 yaşlı Əlcəzair əsilli yeniyetmə Fransa polisi tərəfindən qətlə yetirilib. Sosial şəbəkələrdə yayımlanan görüntülərə diqqət yetirsək, polis zorakılığını açıq-aydın görərik. Hətta yayımlanan videolarda polisin “İndi başından vuracağam” sözləri də eşidilir. Hadisədə təqsirli bilinən polis əməkdaşı saxlanılsa da, belə halların bir daha təkrarlanmayacağını demək çox çətindir. Çünki Nael bu il ərzində Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir.

Məhz irqi zəmində baş verən hadisə haqlı sual doğurur.Hələ də irqi ayrıseçkiliyin mövcud olduğu ölkədə hansı demokratikk dəyərlədən söz gedə bilər? Qeyd edək ki,  2022-ci ildə də eyni səbəbdən 13 nəfər qətlə yetirilib. Görünür, Naelin qətlə yetirilməsi ölkədəki narazılıqların daha da artmasına təkan verib. Pensiya islahatları ilə xalqın gözündə nüfuzunu yerlə bir edən və hakimiyyətə qarşı narazılığın 80 faizə qədər yüksəlməsinə səbəb olan Makronun “taxtı” sarsılmaqdadır. Polisin qəddarlığı o dərəcədə hiddət doğurub ki, həm Parisin qərbində, həm Nanterdə polis zorakılığına qarşı etirazlar kütləvi itaətsizlik  zorakılıqla müşayiət  olunan xarakter alıb. Aksiya zamanı şəhərlərdə barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar  baş verib.1300  nümayişçi  həbs olunub, hadisələrlə əlaqədar küçəyə çıxmaq qadağası tətbiq olunub. Bu isə Makron hakimiyyətinin Fransada ayrı-seçkiliyi dərinləşdirməsindən xəbər verir.

Fransa guya rəsmi dövlət siyasəti kimi bərabərlik və dünyəvilik modelini rəhbər tutmasından dəm vurur. Reallıqda isə Fransada  bu cür hallar,güc strukturlarının, daha dəqiq desək,  polisin vətəndaşlarla qəddar davranışları, zorakılıq aktları gündəmdə olan əsas məsələlərdəndir. Fransada gənclər arasında polisin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirdiyi sorğuların nəticələri onu deməyə əsas verir ki, polisə olan etimad ölkədə yox dərəcəsindədir.Hətta elə hadisələr də var ki, qalmaqalları məhkəmə işlərinə çevrilib. Qeyd etməli olduğumuz başqa bir vacib fakt Fransanın ümumilikdə insan haqlarının kütləvi şəkildə pozulduğu ölkələr sırasında yer almasıdır. İrqi, dini, milli, etnik zəmində baş verən hadisələr ölkədə artıq adi hala çevrilib.

Məlumdur ki, Fransanın Afrikadakı müstəmləkəçilik dövrü 2 milyondan çox afrikalının həyatı bahasına başa gəlib. Buna baxmayaraq neokolonializm siyasətini indi də davam etdirir. Bu da Makron hakimiyyətinin qeyri-fransızlara qarşı aqressiyasının daha da artması ilə xarakterizə olunur. Bu gün ölkədə vaxtı ilə zorla, qul kimi Fransaya gətirilmiş afrikalıların, asiyalıların nəvə-nəticələri yaşayır ki, dövlət nəinki onları bu ölkənin əsl vətəndaşları hesab etmir, hətta hər fürsətdə aşağılayır, hüquqlarını tapdalayır. Əlavə olaraq, Fransa hələ qul əməyindən istifadə edən yeganə ölkələrdəndir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Avropa institutları hələ də belə cinayətlərin qarşısında susurlar. Doğrusu, insan haqlarının bu cür kobudcasına pozulduğu yerin Avropa, yaxud Asiya, Afrika olması o qədər əhəmiyyətli deyil. Çünki dünyada özünü demokratiya mücəssəməsi kimi təqdim edən Fransanın paytaxtında belə xoşagəlməz hadisə baş verirsə və dünya birliyi susursa, bu mövcud selektiv yanaşmanın göstəricisidir.

Azərbaycan Respublikasının Milli Məclisi də hadisəyə susmayıb. Belə ki, MM sədri Sahibə Qafarova və parlamentin nümayəndə heyətlərinin rəhbərləri Fransada baş vermiş son hadisələrlə əlaqədar beynəlxalq parlament təşkilatlarına müraciət ünvanlayıblar. Müraciətdə 17 yaşlı gəncin öldürülməsi hiddətlə qınanıb, Avropanın demokratik və hüquq müdafiə institutlarının Fransa hökuməti tərəfindən nümayiş etdirilən bu kimi təhlükəli tendensiyalara lazımi diqqət yetirməməsi də təəssüflə qeyd olunub.

Xatırladaq ki, bu il iyunun 29-da Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları da Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Hücum nəticəsində müxbir və operator  bədən xəsarətləri alıb, onların çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Bunlar kifayət deyilmiş kimi, kameranı geri tələb edən əməkdaşlar silahla da hədələniblər. Baş verənlər təkcə Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə müqavimət kimi qiymətləndirilir. 

Nəzrin ELDARQIZI,

“Respublika”.