DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ NETANYAHU ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin “Likud” partiyasının lideri, baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı baş tutub. “Report” agentliyinin “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, B.Netanyahu Türkiyə liderinə zəng edib. Netanyahu noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terror aktında ölən və yaralananlara görə Ərdoğana başsağlığı verib. O həmçinin Türkiyənin Rusiya və Ukrayna arasında həyata keçirdiyi vasitəçiliyin dünya üçün önəmli olduğunu vurğulayıb. Öz növbəsində Ərdoğan başsağlığına görə Netanyahuya təşəkkür edib. Türkiyə prezidenti iki gün öncə İordan çayının qərb sahilində baş verən hadisələrdən kədərləndiyini vurğulayıb. Ərdoğan İsraildə keçirilən sonuncu parlament seçkilərinin nəticələrinin ölkə və bölgə üçün düşərli olmasını arzuladığını bildirib.

Türkiyə-İsrail münasibətlərində hər iki tərəfin güclü iradəsi sayəsində yeni bir dövrə qədəm qoyduqlarını ifadə edən Ərdoğan, həssas məsələlərə diqqət edərək, qarşılıqlı maraqlar əsasında münasibətlərin davam etdirilməsinin ortaq mənafeyə uyğun olduğunu bildirib.

 

TAKSİM TERRORÇUSU İSTİNTAQA ÖNƏMLİ İFADƏLƏR VERİB

PKK terror təşkilatının bazar günü İstanbulda törətdiyi qanlı aktı həyata keçirən terrorçu Əhlam əl-Bəşir istintaqa ifadəsində önəmli məlumatlar verib. “Teleqraf.com” xəbər verir ki, Əhlam əl-Bəşir terror aktı törədən zaman tək olmadığını, başqa bir terrorçunun fotoşəkillər çəkdiyini, digərinin isə ətrafa baxaraq partlayış əmrini verdiyini bildirib.

Bununla yanaşı, Əl-Bəşir partlayışın sifarişini “Hacı” kod adlı terrorçudan aldığını, fotosunun isə skamyada oturarkən başqa bir terror təşkilatı üzvü tərəfindən çəkildiyini söyləyib. Onun sözlərinə görə, bomba dolu çanta ilə skamyada oturarkən “Hacı” adlı terrorçu ətrafa baxaraq ona partlatmaq əmri verib. Qadın terrorçu bu göstərişdən sonra skamyadan qalxaraq bombanı işə saldığını açıqlayıb.

Saxlanılan digər şəxslər arasında isə qadın terrorçunun qaçmasına kömək edən Əhməd Jarkas və qardaşı Əmmar Jarkas da var. Bombanı əl-Bəşirə verən Bilal H. isə axtarılır. Bilal H. ilə qadın terrorçunun diqqət çəkməmək üçün özlərini ər-arvad kimi göstərdiyi və dörd ay eyni evdə yaşadıqları qeyd olunur.

 

BRITANIYALILARIN 56 faizi “BREXIT”i YANLIŞ QƏRAR KİMİ QƏBUL EDİR

Böyük Britaniya vətəndaşlarının əksəriyyəti “Brexit”i yanlış qərar kimi qəbul edir. “Trend” agentliyinin məlumatına görə, bu barədə “YouGov” şirkətinin sorğusunda qeyd olunur. Verilən xəbərə əsasən, rəyi soruşulan britaniyalıların 56 faizi bu addımın səhv qərar olduğunu bildirib. “Brexit”i yalnız 32 faiz respondent dəstəkləyib.

Bununla belə, 2016-cı ildə “Brexit”in lehinə səs vermiş hər beş britaniyalıdan biri öz fikrini dəyişib. Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilmiş referendum zamanı britaniyalı seçicilərin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasına səs vermişdi.

Referendumdan sonra Böyük Britaniya Avropa İttifaqı ilə danışıqlar bir neçə il davam etmiş, yekunda ölkə Aİ-ni 2020-ci il fevralın 1-də tərk etmişdi.

 

BMT-DƏN SUDANDAKI MÖVCUD HUMANİTAR VƏZİYYƏTLƏ BAĞLI BƏYANAT

Sudan əhalisinin üçdə biri humanitar yardım və qida çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üz-üzə qalıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk paytaxt Xartumda təşkil etdiyi mətbuat konfransında Sudanın təhlükəli bir dönəmdən  keçdiyini ifadə edib.

Ölkə əhalisinin üçdə birinin humanitar yardıma ehtiyacı olduğunu ifadə edən ali komissar deyib: “7 milyon insan qida çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üz-üzədir. Qərbi Sudanın Darfur bölgəsində müxtəlif tayfalar arasında baş verən qarşıdurmalar nəticəsində 211 min insan evlərindən didərgin düşüb. Mavi Nil bölgəsində 400, Cənubi Kürdufan əyalətində isə 150 nəfər həyatını itirib”.

Eyni zamanda, ali komissar Sudanda vəziyyətin çətin olduğunu, mülki vətəndaşlarını təcili müdafiəyə ehtiyacı olduğunu, təhlükəsizliyin və sülhün təmin edilməsi üçün milli fəaliyyət planının hazırlanmasının vacibliyini vurğulayıb.

 

İRAN TƏRƏFINDƏN QƏTLİ PLANLAŞDIRILAN ŞƏXSİN KİMLİYİ MƏLUM OLDU

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan “Əl-Qüds” ün israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub. Bu barədə “Report” agentliyi Gürcüstan mətbuatına istinadən xəbər verib. Bildirilir ki, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn bir qrup muzdlu qatilin “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsinin olduğu vurğulanır. İsrailin kəşfiyyat orqanları İranın İ.Moşeyə qarşı sui-qəsd hazırdığı barədə Gürcüstan tərəfini məlumatlandırıb. İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.

“Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir”, - deyə səfir bildirib.

Xatırladaq ki, noyabrın 15-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlamışdı.

 

ABŞ-IN NÜMAYƏNDƏLƏR PALATASINA NƏZARƏT RESPUBLİKAÇILARA KEÇİR

ABŞ-ın Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün lazım olan 218 yeri əldə edib. “Report”un məlumatına görə, bunu “NBC” telekanalının dərc etdiyi proqnoz göstərir. Məlumata əsasən, indi respublikaçılar Nümayəndələr Palatasındakı 435 yerdən 221-ni əldə ediblər. Demokratlar indiyədək Konqresin aşağı palatasında 214 yerə sahib olublar.

Telekanalın qeyd etdiyi kimi, təxminən səkkiz yerlə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Belə ki, Kolorado və Kaliforniya ştatlarının dörd əyalətində hesablamalar davam edir. Vaşinqton, Arizona, Alyaska və Nyu-Yorkdakı seçki dairələrində nəticələr qeyri-müəyyən olaraq qalır. Hazırda səslərin hesablanması davam edir.

Artıq ABŞ prezidenti Cozef Bayden respublikaçıları Nümayəndələr Palatasında səs çoxluğu qazandıqlarına görə təbrik edib.

Bununla yanaşı, Cozef Bayden respublikaçılarla əməkdaşlığa hazır olduqlarını da bəyan edib. Prezidentin sözlərinə görə, o, sadə amerikalıların xeyrinə nəticələr əldə etmək üçün Nümayəndələr Palatasının respublikaçıları ilə işləməyə hazırdır.

 

İSVEÇ NATO-YA QOŞULMAQ ÜÇÜN KONSTİTUSİYASINI DƏYİŞDİ

İsveç parlamenti tərəfindən təsdiqlənən və antiterror qanunlarını sərtləşdirən konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, 349 nəfərlik parlamentdə keçirilən səsvermədə 278 deputat qanun layihəsinin lehinə səs verib.

Konstitusiya dəyişikliyi terrorla məşğul olan qruplaşmaların təşkilatlanmaq və mitinq keçirmək azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, buna yönəlik yeni qanunların qəbuluna zəmin yaradacaq. Eyni zamanda, sözügedən dəyişiklikdə ölkənin başqa dövlət və ya beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirən məlumatları yayanların İsveç Kəşfiyyat İdarəsi tərəfindən 4 il həbs cəzası ilə araşdırıla biləcəyi bildirilib. Yeni konstitusiya dəyişikliyinin həmçinin ölkədə fəaliyyət göstərən PKK terror təşkilatının üzvlərinə qarşı cinayət işlərinin asanlaşdırılmasına yol açacağı qeyd olunur.

Xatırladaq ki, İsveç NATO-ya qoşulmaq üçün PKK terrorçularının Türkiyəyə ekstradisiya edilməsinə dair bu ölkə qarşısında öhdəlik götürüb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.