Bakıda
Sosial həyat

Bakıda "Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları" mövzusunda forum

Noyabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Heydər Əliyev İli" çərçivəsində "Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları" mövzusunda forum keçirib.

Heydər Əliyev Mərkəzində təşkil olunan forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq Günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan danışıb. Aygün Əliyeva bir neçə gündən sonra - noyabrın 10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən aktual məsələlərə həsr edildiyini deyib, QHT-ləri müsabiqələrdə fəal iştiraka çağırıb. Həmçinin məlumat verilib ki, yeni qrant müsabiqələri ilə əlaqədar geniş maarifləndirmə kampaniyası təşkil olunub, Agentliyin xətti ilə 4 dəfə infosessiyalar keçirilib. Bu infosessiyalarda ümumilikdə 750-dən çox QHT təmsilçisi iştirak edib.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bugünkü qalib Azərbaycan dövlətini ucaldıb. "Azərbaycan Respublikası artıq bütövdür, tamdır. Əlbəttə, bu mənzərə qeyri-hökumət təşkilatları qarşısında da yeni çağırışlar qoyur. Artıq dövlət tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara başlanılıb. Açıq etiraf olunmalıdır ki, ötən illərdə bu sahədə xeyli nöqsanlar buraxılıb. Bu gün bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahəyə ləkə, sektorun adına ciddi xələl gətirir. Onlar illərdir öyrəşdikləri müftəxorluq dövrünün xiffəti ilə yaşayır", - deyən T.Əliyev diqqətə çatdırıb ki, hazırda QHT-lərlə əlaqədar qanunvericilik bazasına yenidən baxılır. Yaxın vaxtlarda bu sahədə də əsaslı dəyişikliklərin şahidi olacağıq. O, həmçinin vurğulayıb: "Bildiyiniz kimi, xarici donorlardan maliyyə alan QHT-lər bunun üçün Ədliyyə Nazirliyindən müvafiq bildirişə malik olmalıdır. Lakin aparılmış təhlil üzə çıxarıb ki, QHT sektorunda bildirişdən yayınmaq üçün ciddi cəhdlər var. Qrantların "qaranlıq dövriyyəsi" bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. Müşahidələr göstərir ki, bir sıra xarici fondların Azərbaycandakı əsas məqsədlərindən biri məhz əldə edilmiş tarixi Zəfərə kölgə salmaq, insanların gözündə onu heçə endirmək, cəmiyyətdə ruh düşkünlüyü, süstlük yaratmaqdır. QHT-ləri bu məsələlərdə diqqətli olmağa, xarici donorlarla Ədliyyə Nazirliyinin müvafiq bildirişi olmadan heç bir əməkdaşlıq qurmamağa çağırırıq".

Çıxış edənlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin sədri Fatma Səttarova, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Leyla Həsənova Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarını xüsusilə beynəlxalq müstəvidə fəallıqlarını artırmağa çağırıblar.

Forum "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin moderatorluğu ilə panel müzakirələri davam edib.

Forum çərçivəsində QHT-lərin fəaliyyətinə həsr edilmiş videoçarx da nümayiş etdirilib, şəhid övladlarının ifasında "Qəhrəman övladıyıq" mahnısı, Şəmistan Əlizamanlının ifasında Zəfər gününə həsr olunmuş mahnılar səsləndirilib.

Tədbirin yekununda QHT-lərin təşəbbüsü ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda 200-dən çox QHT təmsilçisi iştirak edib.

“Respublika”.