Bakı milyonçusunun həyat hekayəsi
Tarixi şəxsiyyətlər

Bakı milyonçusunun həyat hekayəsi

Məşhur Azərbaycan milyonçusu, xeyriyyəçisi, Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarov 1865-ci ildə Bakı yaxınlığındakı qədim Xilə - indiki Əmircan qəsəbəsində anadan olub. Kasıb əmircanlı ailəsində dünyaya göz açan, həddi-buluğa çatmamış zəhmətə alışan, Tiflisə qədər gedib arabaçılıq edən Muxtar kişinin oğlu öz fərasəti ilə sonralar şəhərin dördüncü milyonçusu adına layiq görülüb. Necə deyərlər, bəxt onun üzünə bir dəfə gülüb. 

Belə ki, həmin illərdə Martov soyadlı sahibkar qoca bütün mədən və emalatxanalarını satmaq qərarına gəlib. O zaman vəsaiti o qədər də çox olmayan Murtuza kənd sakinlərinin maddi yardımı ilə həmin mədənləri alıb. Fərasətli gənc bu fürsətdən istifadə edərək şəhərin ən yaxşı mühəndislərini mədənə cəlb edib, onlara yaxşı maaş kəsib. Muxtarov yeni qazma üsullarına yiyələnib, hətta yeni metodlar da irəli sürüb.

Bütün işləri qaydasında gedən zaman Murtuza bəy həyatın çətin imtahanına rast gəlir. Səfərdə olarkən iki qızı möhkəm xəstələnir və təəssüflər olsun ki, onları xilas etmək mümkün olmur. Milyonçunun qızları vaxtsız dünyadan köçürlər. Səfərdən qayıdan Muxtarov qarşılaşdığı faciənin təsirindən çıxa bilmir - bu şok onu ömrünün sonuna qədər izləyir. Həyatının ikinci baharını isə ona Vladiqafqazda olarkən osetin əsilli generalın ortancıl qızı Liza yaşadır. Murtuza Muxtarovun elçilik mərasimi çox dəbdəbəli və təmtəraqlı keçir, toy mərasimi 7 gün, 7 gecə davam edir. Neftxuda paytaxt Bakıya qayıdan kimi, həyat yoldaşı üçün Venesiyada gördükləri binaya bənzər bina hədiyyə edir - indiki Səadət sarayını. Binanın inşaat planını, layihələrini almaq üçün Venesiyaya təcili adam göndərir. Əvvəlcə, bina üçün indiki İstiqlaliyyət küçəsində yer seçilir. Lakin torpağın sahibi böyük pul qarşılığında belə o yeri satmadığından Səadət sarayı hazırkı yerində - Murtuza Muxtarov küçəsində inşa edilir. Nəhayət, bir ilin içində möhtəşəm tikili başa çatır. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir.

Bakının ən böyük xeyriyyəçisi olan Murtuza bəy ictimai binaların, məktəblərin inşasına heç zaman vəsait əsirgəməyib. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. Həmçinin Bakı realnı məktəbinin, Temirxan-Şura qadın gimnaziyasının təsisçisi, "Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması" cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərib. Xalqın gələcəyini yalnız və yalnız maariflənməkdə görmüş uzaqgörən şəxsiyyət həm də Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü, ali və orta ixtisas məktəblərinin tələbələri üçün onlarla təqaüdün təsisçisi olub. Milyonçu Qərbi Avropa mədəniyyətinin pərəstişkarı olaraq, cəmiyyətdə xurafata qarşı mübarizə aparmaq məqsədilə Bakıda "Tərəqqi" qəzeti nəşr etdirib və məktəblər tikdirib. O, xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınırdı. Xalqın yaddaşında xatirəsi yaşayan romantik təbiətli, xeyriyyəçi Muxtarovun həyat və fəaliyyət tarixçəsi bədii film süjetinə çevriləcək qədər maraqlıdır.

Təbiətcə çox məğrur olan milyonçunun həyatı faciə ilə bitib. Bakıda 1920-ci ilin aprel ayında (aprel inqilabının ilk günləri) Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir. Murtuza Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini güllələyib öldürür, digər gülləni isə öz alnına vuraraq həyatına son qoyur.

Töhfə SƏMƏDOVA,

"Respublika".