Azərbaycanla Türkiyənin qəti və prinsipial mövqeyi
Siyasət

Azərbaycanla Türkiyənin qəti və prinsipial mövqeyi

Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımlar birlikdə atılır

Cənubi Qafqaz strateji-coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi dövlətlərlə həmsərhəd olmasıdır. Azərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişə bölgədə ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra yaranan yeni reallıqlar regionda geosiyasi mənzərəni tamamilə dəyişib.

Üç ildən çoxdur ki, Azərbaycan-Ermənistan arasında münaqişə həll olunub. Amma postmünaqişə dövründə sülh, sabitlik və təhlükəsizliklə bağlı çağırışlar hələ də qalır. Eyni zamanda regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır. Qardaş Türkiyə bölgədə nəqliyyat dəhlizlərinin açılması yolu ilə regional iqtisadi inteqrasiyaya dəstək verir. Bu mənada, Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edən nəqliyyat marşrutudur. Aydın məsələdir ki, layihədə iştirak edəcək bütün tərəflər ondan faydalanacaq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan eksklavı olan Naxçıvan Muxtar Respublikası, Türkiyə isə birbaşa Azərbaycan və Mərkəzi Asiyanın digər türkdilli dövlətləri ilə birləşəcək. Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası mühüm əhəmiyyət kəsb edir. Belə bir vəziyyətdə regiondakı bütün aktorlar bir məsələni anlamalıdır: burada dayanıqlı sabitliyin açarı suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh sazişidir.

Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında olan Türkiyənin davranışı yeni geosiyasi vəziyyət baxımından olduqca vacib şərt idi. Prezident Rəcəb Tayyib Ərdoğan bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Türk xalqı erməni yalanlarına, erməni böhtanına qarşı mübarizədə də birgə səylərini ortaya qoydu. Bu amil postmüharibə dövründə daha da genişləndi. Azərbaycan Prezidenti İlham Əliyev qazanılan tarixi qələbəmizdə Türkiyənin rolunu daim yüksək qiymətləndirir.

Eyni zamanda işğaldan azad edilmiş bölgələrə edilən birgə səfərlər, verilən bəyanatlar, imzalanan sənədlər bu birliyi, qardaşlığı daha da gücləndirir. Müzəffər ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərə imza ataraq əzəli və əbədi torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdikdən sonra ölkə Prezidenti İlham Əliyev qardaş Türkiyənin dəstəyi ilə Cənubi Qafqazda yeni əməkdaşlıq və regional təhlükəsizlik mühitinin yaradılması ideyasını irəli sürdü, üçtərəfli əlaqələrin inkişafı naminə bu istiqamətdə addımlar atmağa hazır olduğunu bir daha bəyan etdi.

2022-ci ildə Prezident İlham Əliyev "Azərbaycan - Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib: "Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər".

Politoloqların da vurğuladığı kimi, Cənubi Qafqazın üç respublikası arasında münasibətlərin yeni müstəviyə çıxarılmasının təməl şərti qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə hörmət edilməsindən, Ermənistanın regionda əmin-amanlığın bərqərar olması üçün Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərini qəbul etməsindən ibarətdir. Regional sabitliyə gedən yol imzalanacaq dayanıqlı sülh sazişindən keçir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, qardaş Türkiyə də Ermənistanla əlaqələr quracaq. Sülh Cənubi Qafqazda hamı üçün vacibdir.

"Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan, "sevincdə və kədərdə birlik" anlayışı ilə yoğrulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq". Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə ötən il Zəfər Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Rəsmi Bakının Ermənistanla hərtərəfli sülh sazişinin imzalanmasına dair çağırışları xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Azərbaycanla Cənubi Qafqazda sülh və sabitlik məsələlərində sıx əməkdaşlıq edir. Bir sözlə, Türkiyə və Azərbaycan birlikdə çiyin-çiyinə dayanıb.

Son zamanlar Cənubi Qafqazda diplomatik təmaslar artıb. Türkiyə Azərbaycan, Gürcüstan ilə təmasları intesivləşdirərək regionda siyasi, iqtisadi gücünü artırır. Nazirlər səviyyəsində müxtəlif görüşlər, həmçinin Gürcüstan baş nazirinin Azərbaycana səfəri bu fikri təsdiqləyir. Sözügedən təmasların əsas mövzusu regiondakı durum, o cümlədən Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsidir. Türkiyə və Azərbaycan sülh istəyir. Əlbəttə, sülh müqaviləsi 10 noyabr üçtərəfli Bəyanat üzərində formalaşdırılmalıdır. Rəsmi İrəvan isə Hindistan, Fransa və başqalarından silah almaqla prosesin Vaşinqton, Paris və Brüssel tərəfindən manipulyasiyası ilə problemi həll edəcəyini düşünür. Yanlış düşünürlər, problemin daha gərgin fazaya daxil olma riski var. Ancaq Ermənistan sülh istəmir və məğlub olduğu müharibənin nəticələrini hələ də manipulyasiya etmək cəhdləri ilə məşğuldur. Üstəlik, bunu yalnız öz hesabına yox, başqalarının sifarişləri üzərindən etməyə çalışır. Bunlar Fransa, ABŞ və Avropa İttifaqıdır. Beləliklə, Qərb birtərəfli hərəkətləri ilə regionu qeyri-sabitlik və gərginlik uçurumuna sürükləyir. "Brüssel sazişi" Cənubi Qafqazda sülhün və sabitliyin bərpası üçün bütün səyləri şübhə altına alır.Yalnız Azərbaycan və Türkiyənin prinsipial mövqeyi Qərbin regiondakı təşəbbüslərinin dağıdıcılıqdan konstruktivliyə çevrilməsinə kömək edə bilər.

ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi. Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təsir dairəsindən qorumağa hazırdılar. Rəsmi Türkiyə aprelin 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilən üçtərəfli görüşün Cənubi Qafqazın geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını deyib. Türkiyə Xarici İşlər Nazirliyinin cümə günü yaydığı bəyanatda qeyd edilir ki, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Türkiyə üçüncü tərəfləri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər yanaşmağa çağırıb və Cənubi Qafqazın davamlı sülh və sabitliklə çiçəklənəcəyinə, layiq olduğu regional rifaha nail olacağına inandığını vurğulayıb. Türkiyə bu mövzuda məsuliyyəti üzərinə götürməyi və Azərbaycan ilə Ermənistan arasında davamlı sülh üçün bu tarixi fürsətdən istifadə etməyi bəyan edib. Üçüncü tərəflər bu prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməlidir.

Bu, Cənubi Qafqazda geopolitik maraqları olan bütün beynəlxalq güclərə açıq xəbərdarlıq mesajıdır. Eyni zamanda Türkiyə regiona yönəlik siyasətini də artıq konkretləşdirməyə başlayıb. Rəsmi Ankara beynəlxalq himayədarlarına güvənib, hərbi gərginliyin artırılmasına cəhd göstərən Paşinyan hakimiyyətinə xəbərdarlığını bildirir.

Mustafa KAMAL,

"Respublika".