Azərbaycanın uğurlu enerji siyasəti
İQTİSADİYYAT

Azərbaycanın uğurlu enerji siyasəti

Avropanın təbii qaza olan tələbatının artdığı dövrdə ölkəmiz ən etibarlı tərəfdaşa çevrilir

öyük iqtisadi potensiala malik ölkə kimi Azərbaycana maraq daha da artıb. Avropa və dünyanın bir neçə digər ölkəsi Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac duyurlar. Son illərdə isə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat artır. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan çoxalır. Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası daha da genişlənir. Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Cənub Qaz Dəhlizinin işə salınmasından əvvəl bir çox Avropa ölkələri marşrutların və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edən və bununla da Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən bu dəhlizə interkonnektorlar vasitəsilə qoşulmaqda maraqlı olduqlarını bildirirdilər. Cənub Qaz Dəhlizinin belə qollarından biri olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) artıq reallıqdır.

Azərbaycanın enerji strategiyasında neftlə yanaşı, qaz yataqlarının da istismara verilməsi mühüm yer tutur. Ölkəmizin qaz ehtiyatı 2,6 trilyon kubmetrə bərabərdir və dövlətimiz bu sahədə də son illər ərzində etibarlı təchizatçı kimi tanınır. Azərbaycanın zəngin enerji potensialının dünyaya çatdırılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizi üç boru kəməri ilə inteqrasiya edilmiş 3500 kilometrlik boru kəmərləri sistemidir. Belə ki, Trans-Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. Trans-Anadolunun (TANAP) ötürmə qabiliyyəti 16 milyard kubmetr, Trans-Adriatikin (TAP) ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Qaza olan ehtiyacları nəzərə alaraq hazırda TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək. Ötən il ölkəmiz 43,9 milyard kubmetr mavi yanacaq hasil edib ki, bunun 19 milyard kubmetri ixrac olunub. Təbii qazın təxminən 8,5 milyard kubmetri Avropaya, digər qismi isə Türkiyə və Gürcüstana ixrac olunub. Avropa mavi qaz idxalını şaxələndirmək üçün daha çox ölkədən qaz idxalında maraqlıdır.

Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə açılan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycanın təbii qazını Bolqarıstana çatdıracaq. Görünən odur ki, dünyada baş verən hadisələrlə əlaqədar yaranan mövcud vəziyyət Azərbaycanda hasil olunan təbii qaza tələbatı artırır. Ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və İtaliyanın qaz təchizatında önəmli rol oynayır. Artıq Bolqarıstan da onların sırasına daxil oldu. Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında açıqladı ki, Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istəyindədirlər. Bu, onu göstərir ki, Mərkəzi, Qərbi və Cənubi Avropa ölkələri üzləşdikləri enerji böhranından xilas yolunu Azərbaycanla əməkdaşlıqda görürlər.

"Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev deyib. Onu da qeyd etmək lazımdır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub və hazırda etibarlı qaz təchizatçısına çevrilməkdədir. Ötən il qaz ixracı təxminən 19 milyard kubmetr təşkil etmişdir ki, onun da 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu da əvvəlki illərlə müqayisədə 40 faiz artım deməkdir. Ölkə başçımız bildirib: "Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var".

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır. İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək. Cənub Qaz Dəhlizinin, onun yeni qolu olan IGB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticələridir. Bununla yanaşı, IGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaq.

Yeri gəlmişkən, bir vacib məqamı da xatırladaq ki, 2019-cu ilin 22 may tarixində Bolqarıstanın Kirkovo kəndi yaxınlığında Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorun tikintisinə start verilmişdir. Bununla ölkəmiz bu cür layihələri həyata keçirməklə uğurlu və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləmişdir. Mərasimdə çıxış edən Bolqarıstan baş naziri Boyko Borisov qeyd edib ki, bu layihə təkcə iki ölkə üçün deyil, həmçinin Qərbi Balkan ölkələri, bütövlükdə isə Avropa üçün strateji əhəmiyyətə malikdir. Yunanıstan baş naziri Aleksis Tsipras isə bildirib ki, interkonnektor Balkan ölkələrini enerji habına çevirəcək. Artıq Rumıniya və Serbiyanın da Azərbaycan qazını almaq məsələsi gündəmə gəlib. Macarıstan və bir sıra digər Şərqi Avropa, Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı qazanması onların ölkəmizə marağını artırır. Ekspertlər isə hesab edir ki, perspektivdə Türkmənistan və İranın da Cənub Qaz Dəhlizinə qoşulması ilə Avropa ölkələri Azərbaycan üzərindən daha böyük həcmdə qaz ala biləcək. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Bütövlükdə, Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.

Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaşdır. Belə ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da bunu gözləyir. Avropa ölkələrinin qaza olan tələbinin artması və məlum hərbi-siyasi proseslər Azərbaycanın və Xəzər hövzəsinin enerji qaynaqlarını daha da aktuallaşdırır. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir. Bununla yanaşı, ölkə başçısının "elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir" fikri onu göstərir ki, bundan sonra da bu əməkdaşlıq inkişaf edir. Şaxələnmiş ixrac marşrutlarının olması, zəruri infrastrukturun mövcudluğu Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırmaqla yanaşı, bölgədə qarşılıqlı əməkdaşlıq mühiti yaradaraq əslində, həm də regionun təhlükəsizliyinə xidmət etmiş olur.

Mustafa KAMAL,

"Respublika".