Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının nüfuzunu artırdı
Digər xəbərlər

Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının nüfuzunu artırdı

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü keçirilib. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə, onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib və böyük uğura imza atıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrildi. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir.

Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə ən səmərəli fəaliyyət nümayiş etdirən təsisat kimi yadda qaldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının COVID-19-la mübarizəyə həsr olunmuş toplantısı baş tutdu. Bu iclas çərçivəsində pandemiya ilə mübarizə istiqamətində bütün qüvvələrin səfərbər olunması imkanları müzakirə olundu. Beləliklə, qarşılıqlı yardım və gələcəyə baxış məsələləri ətrafında danışıqlar aparıldı. Azərbaycan Prezidenti tədbirdə çıxışı zamanı bildirdi ki, ölkəmiz xəstəliklə mübarizə istiqamətində bir sıra töhfələr verib.

Millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan növbəti dəfə böyük tədbirə evsahibliyi etdi. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclası Azərbaycanda keçirildi və ölkəmiz bir daha mötəbər tədbirə sədrlik etməklə yanaşı, beynəlxalq hüquqa və normalara sadiqliyini nümayiş etdirdi. Eyni zamanda dövlətimiz mühüm platformadan istifadə edərək, növbəti dəfə diplomatik məharət nümayiş etdirdi və Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında əhəmiyyətli mesajlar verdi. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın sədrliyinə qədər Qoşulmama Hərəkatı elə də böyük təsirə malik olan, o cümlədən tanınan təsisat deyildi.

2019-cu ildə 120 dövlətin üzvlərinin yekdil səsi ilə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Dövlətimiz sədrlik dövründə ümumilikdə Qoşulmama Hərəkatını beynəlxalq aləmdə qlobal hüquqa istinad edərək çox böyük bir təsisata çevirmiş oldu. Əslində bunun sübutu kimi, daha sonra üzv dövlətlərin təşəbbüsü ilə Azərbaycanın sədrlik müddətinin uzadılmasını göstərə bilərik. İnstitusional olaraq, cənab Prezidentin parlament, gənclər, qadınlar şəbəkələrinin təsis edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs, əlbəttə ki, Qoşulmama Hərəkatının işlək bir mexanizmə çevrilməsində mühüm addımdır. O cümlədən pandemiya dövründə, dünya ölkələrinin başlarının öz işlərinə qarışdığı bir zamanda Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi ilə irəli sürdüyü təşəbbüslər İlham Əliyevin yürütdüyü uğurlu və məntiqi siyasətin nəticəsidir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər görüşü zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu. Beləliklə, hər kəs anlamış oldu ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal oyunçuya çevrilib. Digər tərəfdən Qoşulmama Hərəkatının gələcək planlarının formalaşdırılması, Fransanın müstəmləkəçilik siyasəti və bütün bunlar onu deməyə əsas verir ki, Qoşulmama Hərəkatı artıq dünyada nüfuzlu təsisata çevrilib.

Nuranə DAXİLQIZI,

"Respublika".