Azərbaycanın davamlı inkişaf vəd edən zəngin turizm potensialı var
Ekologiya

Azərbaycanın davamlı inkişaf vəd edən zəngin turizm potensialı var

29 Sentyabr Turizm İşçilərinin Peşə Bayramı Günüdür

Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında turizmin inkişafına dövlət səviyyəsində xüsusi qayğı göstərildi. 2002-ci ilin avqust ayının 27-də "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" qəbul olundu.

Ölkəmizdə turizm sahəsinə göstərilən diqqət və qayğının əsasında sözsüz ki, sosial-iqtisadi maraqlar dayanır. Dünyada mövcud olan 11 iqlimin 9-nun Azərbaycanda olması ölkəmizin turizm üçün əlverişli bir məkan olması haqqında aydın təsəvvür yaradır. 2002-ci ildən etibarən isə hər il paytaxtımızda Azərbaycan Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətin bu sahənin  inkişafına böyük əhəmiyyət verdiyini sübut edir. Eyni zamanda Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə yeni Azərbaycan turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan milli brendlərin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin aparılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdəndir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Ölkə başçısının 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər əksini tapıb.  Həmçinin 2011-ci il respublikamızda "Turizm ili" elan olunub. Azərbaycanın beynəlxalq bazarda rəqabətə davam gətirməsinin səbəbi ölkəmizdə turizm işinin peşəkarlıqla təşkil olunması ilə bağlıdır. Belə ki, turizm üçün daha əlverişli olan Qarabağ və ətraf rayonlar 3 ildir ki, Ali Baş Komandanın uğurlu siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunub. Ölkə başçısının da dediyi kimi: "Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Qarabağın turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğurdan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

Qarabağ bölgəsində  ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanıb. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda "dark" - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini göstərən eksponat kimi nümayiş olunacaq bəzi tikililərlə tanış olacaqlar. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir.

Təsadüfi deyil ki, ölkəmizin turizm sahəsində 50 minə yaxın insan çalışır və turizm sənayesinə layiqli töhfələrini verirlər. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 29 sentyabr "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd olunur.

Röya RÜSTƏMLİ,

"Respublika".