Xalqımızın ümummilli lideri Heydər Əliyev 26 dekabr 2001-ci ildə ölkədə meşələrin bərpa edilməsinə dair fərman imzalamışdır. Bu fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Meşələrin bərpa edilməsinə və artırılmasına dair” hazırladığı Milli Proqramın layihəsi 18 fevral 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir. Proqrama əsasən ölkəmizin regionlarında meşələr bərpa edilmiş və yeni meşəliklər salınmışdır. Azərbaycan Respublikasının Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına birgə nominasiya şəklində daxil edilməsi ilə əlaqədar işlər davam etdirilir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov görülən işlər haqda məlumat verərək dedi: -BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatı ilə birlikdə beynəlxalq ekspertlər cəlb olunmaqla “Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair Milli Meşə Proqramı” layihəsi və onun həyata keçirilməsi üçün Fəaliyyət Planı hazırlanmışdır.
Meşə ilə örtülü ərazilərin dəqiqləşməsi məqsədilə meşələrin inventarlaşdırılması işləri davam etdirilmişdir. Bu işdə kosmik texnologiyaların imkanlarından istifadə edilir. Meşəsalma fəaliyyəti ilə bərabər, meşələrin mühafizəsi tədbirləri də gücləndirilmişdir. Regionların qazlaşdırılması və ictimaiyyət arasında aparılan təbliğat hesabına qanunsuz ağac kəsilməsi halları azalmışdır. 2020-ci il ərzində 68 min 740 kubmetr oduncaq tədarük olunmuşdur.
Görülən işlər nəticəsində son illər 10 min 382 hektar sahədə meşəbərpa, 9 min 660 hektar sahədə təbii bərpa, 722 hektar sahədə isə əkin və səpin üsulu ilə aparılmışdır. Bu tədbirlərdə 875 min 533 ədəd ting və 2 ton 683 kiloqram palıd toxumu istifadə edilmişdir. Tinglik sahələrində 1 milyon 388 min 770 ədəd ting yetişdirilmiş, 9 hektar sahədə səpin işləri aparılmış, 7 hektar sahədə böyütmə və kökləndirmə şöbələri yaradılmış, həmçinin 51 ton 829 kiloqram toxum tədarük olunmuşdur. Dövriyyədə olan 11 min 467,3 hektar meşə əkinlərindən 2 min 83 hektar sahə örtülü meşəyə (meşə fonduna aid olan ərazi) keçirilmişdir. Aqrobağların salınması məqsədilə 1358,23 hektar ərazi müqavilə əsasında icarəyə verilmişdir.
Həmçinin qeyri-meşə fondu torpaqlarında 125 hektar sahədə yaşıllıqlar salınmış, 389 min 28 ədəd ağac əkilmişdir. 1004 kiloqram qiymətli ağac və kol cinslərinin toxumları (badam, zeytun, Eldar şamı, sərv, tuya, oleandr, tut, arizona sərvi və s.) tədarük edilərək səpilmiş, kökləndirmə sahələrində zeytun, nar, oleandr olmaqla cəmi 350 min ədəd çilik basdırılmışdır.
Tingliklərdə il ərzində səpilmiş müxtəlifcinsli ağac və kol toxumlarından və basdırılmış çiliklərdən müxtəlif meyvə, dekorativ və meşə cinslərinin ting və toxmacarları, o cümlədən badam, nar, zeytun, Eldar şamı, sərv, tut və s. yetişdirilmişdir. Ümumilikdə, rayon icra hakimiyyətlərinə 650 min 24 ədəd tut tingləri, yaşıllaşdırma və bağsalma məqsədilə vətəndaşlara və digər qurumlara 353 mindən çox müxtəlifcinsli əkin materialı əvəzsiz olaraq verilmişdir.
Qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yerli bitmə şəraitinə uyğun və introduksiya olunmuş ağac və kol bitkilərindən istifadə etməklə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması istiqamətində yaşıllıq ərazilərinin sahəsi 4 min 373 hektara çatdırılmışdır.
Şəhərsalma sahəsində dövlət siyasətinin tərkib hissəsi olaraq, yaşayış məntəqələrinin yaşıllaşdırma normalarını müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2018-ci il tarixli 1 nömrəli Qərarı ilə “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları” təsdiq edilmişdir. Bu normalara əsasən “yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq sahəsi ayrılmış ərazinin minimum 40 faizini” və “əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq sahəsi həmin ərazinin minimum 25 faizini təşkil etməsi” qəbul edilmişdir. Bu baxımdan, Abşeron yarımadasında 2013-2020-ci illər üzrə yaşıllaşdırma dinamikası orta hesabla illik 0.02% artımla aparılmışdır ki, bu göstərici müəyyən olunan normalara çatmaq üçün kifayət etmir.
Bakı şəhərində son illər davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar ekoloji təhlükəsizliyin təmin olunması baxımından yaşıllıq sahələrinin genişləndirilməsi öz aktuallığını saxlayır. Paytaxt ərazisində yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektar və ya adambaşına 6.64 kvadratmetr təşkil edir. Bakı və ətraf ərazilərin torpaq və iqlim şəraitini, sürüşməyə meyilliyini və əhalinin sıxlığını nəzərə alaraq, 8 min 400 hektar ərazidə əlavə ağac və kol bitkilərindən ibarət yaşıllıq massivlərinin salınması və bu ərazilərdə müvafiq suvarma sistemlərinin qurulması nəzərdə tutulmuşdur.
Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilir. Ölkəmizdə ümumi sahəsi 892 min 874.7 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Salınmış yaşıllıqların suvarılmasını dayanıqlı şəkildə təmin etmək məqsədilə tullantı sularından istifadə olunması genişləndirilir. Hazırda Hövsan aerasiya qurğusundan, Badamdar qəsəbəsindən keçən magistral kanalizasiya kəmərinin üzərində qurulmuş təmizləyici qurğudan istifadə etməklə suvarılır. 2020-ci ildə ETSN-in Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması İdarəsində 1 milyon 145 min 629 kubmert dəniz suyu qəbul edərək, 493 min 723 kubmetr su duzsuzlaşdırılmışdır. İstehsal edilmiş sudan əsasən tinglik sahələrinin və salınmış yaşıllıqların suvarılmasında istifadə olunmuşdur.
İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyasında dövlət qurumları, özəl şirkətlər, media təmsilçiləri, könüllülər və vətəndaş cəmiyyəti nümayəndələri xüsusi fəallıq göstərib.
İctimaiyyətin və tərəfdaşlarımızın dəstəyi ilə yaz mövsümündə respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox toxum səpilib. Eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilən 121 mindən çox müxtəlifcinsli ağac tingi paylanılıb.
Ötən illərlə müqayisədə builki yaz ağacəkmə kampaniyasında ictimaiyyətin dəstəyini daha çox hiss etdik. İDEA İctimai Birliyinin təşəbbüsü ilə başladılan “Yaşıl Marafon” kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirləri ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qarşılandı. Bu təşəbbüsə qoşulmaq üçün demək olar ki, cəmiyyətin bütün təbəqələrindən müraciətlər daxil oldu.
Ağacəkmə tədbirləri bütün regionlarda payız mövsümündə də davam etdiriləcək və ilin sonunadək 1 milyondan çox ağacın əkilməsi nəzərdə tutulub.
Kamil İSMAYILOV,
“Respublika”.