İqlim dəyişmələri ilə mübarizədə mühüm platforma
Ekologiya

İqlim dəyişmələri ilə mübarizədə mühüm platforma

BMT-nin ətraf mühit və inkişaf üzrə konfransında qəbul edilən Davamlı İnkişaf Konsepsiyası "XXI əsrin gündəliyi", yaxud "Rio Bəyannaməsi" adı altında həyata keçirilir. Dünya ölkələrinin böyük əksəriyyətində insanla ətraf mühitin qarşılıqlı dialektik vəhdətini, uzunmüddətli sosial və ekoloji strategiyanın yerinə yetirilməsini nəzərdə tutan həmin sənəd dövlətlərin milli səviyyədə davamlı inkişaf konsepsiyası hazırlaması üçün ümumi fəaliyyət proqramı hesab edilir. Davamlı İnkişaf Konsepsiyasında təbiət əlaqələrinin hazırkı mövcud vəziyyəti ilə insan həyatının, fəaliyyətinin demək olar ki, bütün sahələri öz əksini tapmışdır. "Hökumətlər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davamlı inkişafın milli strategiyasını qəbul etməlidirlər. BMT-nin bu çağırışı bütün dünya ölkələrinə Davamlı İnkişafın əsas strateji, prioritet, iqtisadi-sosial və ekoloji proqram kimi təklif olunur.

Bu gün təbiət-cəmiyyət münasibətlərinin kəskinləşərək pik həddə çatması bütün beynəlxalq təşkilatların və dünya ölkələrinin ciddi narahatlığına səbəb olub. Çünki təbiətə göstərilən antropogen təsirlər, ona vurulan ağır zərbələr ekosistemlərin, biosferin normal ahəngini ağlasığmaz dərəcədə pozur, bəşəriyyətin həyatını ciddi təhlükə qarşısında qoyur. Bu baxımdan, davamlı inkişafla bağlı dünya ölkələri tərəfindən 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan 17 məqsəddən biri də iqlim dəyişmələrinə qarşı mübarizədir.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə dövlətimizin siyasətində prioritet təşkil edir və bu istiqamətdə böyük işlər görülür. Neftlə çirklənmiş torpaqların təmizlənməsi, dünya standartlarına uyğun yeni sənaye müəssisələrinin yaradılması prosesin ardıcıl olaraq həyata keçirildiyini sübut edir və öz müsbət nəticəsini verir. Bu baxımdan, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasında fəal iştirak etdiyini, neft-qaz hasil edən ölkə olmasına baxmayaraq, "yaşıl enerji"yə keçidə üstünlük verdiyini, iqlim böhranını həll etmək üçün ardıcıl addımlar atdığını təsdiq edir. Həmçinin ölkəmizin ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər, bu istiqamətdə qlobal problemlərin qarşısının alınmasına verdiyi töhfələr beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Ümumilikdə, COP29-a ev sahibliyi etmək beynəlxalq əməkdaşlığın genişləndirilməsini xarici siyasətinin əsas istiqaməti olaraq müəyyənləşdirən dövlətimizə bu sahədə fəaliyyətinə geniş imkanlar yaradır.

1995-ci ildən etibarən hər il dünyanın fərqli ölkəsində keçirilən COP-un növbəti 28-ci sessiyası keçən il dekabr ayının 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub və plenar iclasda növbəti tədbirə ölkəmizin ev sahibliyi etməsi qərara alınıb. Bu il ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə 70 mindən çox xarici qonağın qatılacağı bildirilir ki, bu da COP konfranslarının böyük əhəmiyyəti ilə yanaşı, eyni zamanda Azərbaycanın iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə fəallığını göstərir. Ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə Prezident İlham Əliyev bu barədə deyib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunan Paris sazişinə əsasən COP tədbirlərinin keçirilməsində məqsəd karbon qazının miqdarını azaltmaq, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirini minimuma endirmək üçün maliyyə yardımı etməkdir. Əks halda, inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazının həcmini azalda bilməzlər. Yüzdən çox ölkənin dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri tərəfindən imzalanan Paris sazişi 2016-cı ildə qüvvəyə minib və dünyanın 190-dan çox ölkəsi, o cümlədən Azərbaycan da bu razılaşmaya qoşulub .

Cari ilin ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi dünyada əsasən neft-qaz ixrac edən ölkə kimi tanınan  Azərbaycanın "yaşıl enerji" təchizatçısına çevrilməyi qarşıya əsas məqsəd kimi qoyulur. "Yaşıl iqtisadiyyat"a keçidi iqtisadi siyasətin əsas prioriteti kimi müəyyənləşdirən dövlətimiz, eyni zamanda 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını nəzərdə tutur. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də iqtisadiyyatın bütün sahələrində bərpaolunan enerjinin tətbiqi, iqlim dəyişmələri ilə mübarizə məsələləri öz əksini tapmışdır. 2028-ci ilə qədər ölkəmizin enerjiyə olan tələbatının 30 faizinin bərpaolunan enerji mənbələrindən əldə edilməsinə nail olmaq qarşıya qoyulan ən mühüm vəzifələrdən biridir.

Qeyd edək ki, iqlim dəyişmələri bəşəriyyətin ümumi problemidir. Dünyanın ən mötəbər tədbirlərindən olan COP-un keçirilməsində də əsas məqsəd yer kürəsini təşvişə salan iqlim dəyişmələri ilə mübarizədə irəliləyişlərin əldə olunmasıdır. Bu isə onu deməyə əsas verir ki, COP tədbirləri ölkələri, dövlətləri, bütün insanları ətraf mühit, onunla bağlı problemlər, iqlim dəyişmələri və onun təsirlərinə qarşı mübarizə istiqamətində birləşdirən mühüm platformadır.

Mehparə ƏLİYEVA,

"Respublika".