YAŞIL DÜNYA NAMİNƏ
Ekologiya

YAŞIL DÜNYA NAMİNƏ

Azərbaycanda ekoloji problemlər həllini tapır

"Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik İli" elan edilsin". Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının birinci bəndində belə deyilir...

Qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və onların yaratdığı fəsadlar... Bu gün dünyada yaranan ekoloji problemlərin əsasında məhz bu kimi amillər durur və həmin təsirlər Azərbaycandan da yan keçmir.

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır. Ekoloji təhlükəsizliyin təmin edilməsi, ekoloji strategiyanın koordinasiyası milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların istifadəsinə davamlılığın təminatına yönəlmişdir. Bu fikirlərin müəllifi Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyasının sədri, millət vəkili Məzahir Əfəndiyev ölkəmizdə ekoloji problemlərin həllini tapdığını da vurğulayıb.

Hələ 2012-ci ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarının Yel və Kolumbiya universitetləri tərəfindən Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) hazırlanmış, sənəddə 132 ölkə arasında 2 istiqamət: ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri üzrə qiymətləndirmə aparılmışdır. Nəticələrə əsasən ölkəmiz mövcud ekoloji vəziyyətə görə 111-ci, ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə isə 2-ci yerdə qərarlaşıb.

Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında; meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri, istilik effekti yaradan qazların adambaşına, istehsal olunan hər kilovat/saat elektrik enerjisinə və ÜDM-ə nisbətən miqdarı və bərpaolunan enerji, uşaq ölümü, əsas yaşam yerlərinin mühafizəsi, mühafizə olunan dəniz əraziləri və biomların mühafizəsi, içməli su və kanalizasiya xidmətləri ilə təminatı, kənd təsərrüfatına subsidiyalar və pestisidlərin tənzimlənməsi və s. üzrə qiymətləndirilmişdir.

Sənəddə ölkəmiz ətraf mühitin vəziyyəti ilə bağlı 111-ci yerdə göstərilərkən o dövrdə əldə edilmiş ekoloji inkişaf amili nəzərə alınmış, bu problemlərin keçmişdən miras qaldığı göstərilmişdir.

Həqiqətən, iki əsrə yaxın müddətdə Abşeron yarımadasında 10 min hektar torpaq neftlə çirklənmiş, yüzlərlə hektar ərazi təmizlənmişdir. Bütün bu işlər isə böyük həcmdə vəsait və vaxt tələb etdiyinə görə problemi qısa zamanda aradan qaldırmaq mümkün olmadığından dövlətimiz bu və digər, su təchizatı və sanitariya ilə bağlı yığılıb qalmış problemlərin də sürətlə həll olunması məqsədilə böyük investisiya qoyuluşları hesabına respublikanın bölgələrində iri layihələr həyata keçirir.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə edilmiş makroiqtisadi sabitlik və yoxsulluğun aşağı olması həyat səviyyəsinə müsbət təsir göstərir. Müasir həyat üçün ən qabaqcıl infrastruktur və təminat mövcuddur. Əlverişli biznes mühiti və iqtisadiyyatın rəqabət qabiliyyəti adambaşına gəlir səviyyəsinin artmasını təmin edir. "Doing Business"in göstəricisinə görə, ölkəmiz 190 dövlət arasında 34-cü, Qlobal Rəqabətlilik İndeksinə görə isə 58-ci yerdə qərarlaşıb.

Eyni zamanda, iqtisadi artımın dinamikasına ekoloji komponentlərin təsiri və əhəmiyyəti də artmaqdadır. Məhz iqtisadi inkişaf səviyyəsinin ekoloji mühitə təsirləri nəzərə alınaraq daha dayanıqlı olan alternativ və yaşıl texnologiyalı enerji mənbələrinə investisiya qoyuluşu zərurətə çevrilib. İqlim dəyişikliklərinin biomüxtəlifliyə təsirlərinin azaldılması, iqtisadi artım və ekoloji mühit arasında tarazlığın qorunması da getdikcə aktuallaşır. Dünya dövlətləri 1992-ci ildə bir araya gələrək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərkən də qeyd edilən problemlərin həlli istiqamətində daha fəal olmağı hədəfləyirdilər. Azərbaycan da öz növbəsində, bu çağırışlara hər zaman həssaslıq nümayiş etdirib. Son 20 ildə isə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən ekologiya sahəsi məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olduğunu özündə ehtiva edir. 1995-ci ildə bu Konvensiyaya qoşulan Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyi edəcək. Bununla da ekoloji problemlərin həlli istiqamətində görülən işləri dünyanın nəzərinə çatdırmaq üçün daha bir imkan yaranacaq.

Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meyilləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. "Ağıllı şəhər", "ağılllı kənd", "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir.

Dördüncü sənaye inqilabının baş verdiyi əsrdə Azərbaycan özünün energetika siyasətini uğurla "yaşıl enerji", "yaşıl iqtisadiyyat" siyasətinə transformasiya edir. 2024-cü ildə baş tutacaq COP29 ölkəmiz üçün "yaşıl enerji" növlərinin yaradılmasının və onun dünya bazarlarına nəqlinin prioritet olduğunu bir daha nümayiş etdirəcək.

Yurdda sülh, cahanda sülh deyən Azərbaycan həm də bu dünyanı yaşıl görmək istəyir. Çünki yaşıl həyat rəmzidir...

Zümrüd QURBANQIZI,

"Respublika".