Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edən müdrik Lider
Digər xəbərlər

Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edən müdrik Lider

Əzəldən bəri tarixin taleyüklü sınaqlarından üzüağ çıxmış Azərbaycanı bu gün bütün dünya ölkələri qüdrətli dövlət kimi tanıyır. Azərbaycanın bu günə gəlib çatmasında müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbindədir. Ulu Öndər hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycanın davamlı inkişafını təmin etmiş, xalqını bir çox bəlalardan xilas etmişdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altında qoydu. Torpaqlarımızın xain düşmən tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu xalqı bu bəlalardan xilas edə biləcək, onu öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu bariz şəkildə göstərdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Bütün Azərbaycan xalqının arzusu, amalı ulu öndərin hakimiyyətə gəlməsi ilə bağlı idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin vaxtdan ölkə həyatının bütün sahələrində dönüş başladı və bu, tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin iclasında Ulu Öndər Heydər Əliyevin söylədiyi "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır" fikri yaddaşlara həkk olunub.

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə - istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olanda milli-mənəvi dəyərləri ön planda tutaraq məqsədyönlü siyasət yürütmüşdür.

Ölkədəki siyasi hərc-mərclik dövrü yenicə dirçəlməyə çalışan Azərbaycan üçün fəlakət demək idi. O vaxtkı hakimiyyətin səriştəsizliyi, baş verən iğtişaşlar, məmurların xalqa qənim kəsilməsi ölkədəki vəziyyəti ifrat həddə çatdırmışdı. Ümummilli lider Heydər Əliyev sonralar müstəqilliyin bu mərhələsini xarakterizə edərkən deyirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, digər bir hərbçi, İrana meyilli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Əlikram Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda "Talış-Muğan muxtar respublikası"nı elan etmişdir. Əlikram Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi.

13 avqust 1993-cü il Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşündə ulu öndər demişdir: "Biz hamımız azərbaycanlıyıq, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik". Bu ideologiyaya naxələf çıxanların cəzasının ağır olacağını xatırladan ümummilli lider Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində də bunu vurğulamışdır. Heydər Əliyev və xalq tandemi Azərbaycanın gələcək taleyini müəyyənləşdirmiş, öz xalqına arxalanan ulu öndər Azərbaycanı bu çətin sınaqdan da üzüağ çıxarmağı bacarmışdır.

Bəli, bu gün əminliklə söyləyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycan dövləti qısa müddət ərzində böyük inkişaf yolu keçərək dünya dövlətləri arasında güclü ölkə kimi tanınır. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ölkəmizin uğurlu inkişafının əsasını qoydu. Onun layiqli siyasi davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti beynəlxalq aləmdə mötəbər mövqe tutub, Azərbaycan bu gün regionda lider dövlətdir. Güclü dövlət kimi böyük uğurlara imza atan Azərbaycan dövləti cəmi 44 günə torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq salnaməsi yazdı. Xalqımızın 30 illik torpaq, yurd, Vətən nisgilinə son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti bundan sonra  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq, adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.

Nurlan ABDALOV,

  "Respublika".