Qızıl Xaç Komitəsinin yarıtmaz fəaliyyəti şəxsi maraqların göstəricisidir
Digər xəbərlər

Qızıl Xaç Komitəsinin yarıtmaz fəaliyyəti şəxsi maraqların göstəricisidir

Ötən il Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın 30 illiyi qeyd edilmişdir. Uzun müddətdir ki, ölkəmizdə fəaliyyət göstərməsinə baxmayaraq bu təşkilat Azərbaycan ilə Ermənistana heç bir vaxt eyni mövqedən yanaşmamışdır. Elə buna görə də  təşkilatın ölkəmizdəki fəaliyyəti bir çox müzakirələrə səbəb olmuş və haqlı suallar doğurmuşdur. Belə ki, qurumun iş prinsiplərindən biri olan Birinci Qarabağ müharibəsində itkin və əsir düşmüş Azərbaycan vətəndaşlarının axtarışı ilə bağlı fəaliyyəti yarıtmaz olmuşdur. O zaman sual yaranır: Qızıl Xaç Komitəsi Azərbaycanda işini necə nizamlayır?..  Axı 30 illik işğal dövründə və ondan sonrakı mərhələdə ölkəmiz üçün ən həssas məsələlərdən biri də itkin  düşmüş vətəndaşlarımızın taleyidir. Komitə bu gün də Azərbaycanda, həmçinin Qarabağ bölgəsində fəaliyyətini davam etdirir. Ancaq məhz humanitar mövqedən çıxış etməli olan qurum fəaliyyətə başladığı ilk gündən Azərbaycana qarşı qərəzli mövqe tutub.

Qızıl Xaç Komitəsinin yarıtmaz fəaliyyəti təkcə Azərbaycanda deyil, eləcə də bu yaxınlarda Ukraynada da kəskin şəkildə tənqid olunub. Belə ki, hələ ötən il Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Qızıl Xaç Komitəsini fəaliyyətsizlikdə və mərkəzi qərargahında təmsil olunan ayrı-ayrı şəxslərin əməllərinə uyğun, lakin nizamnaməyə zidd hərəkətlərdə ittiham etmişdir. Bəli, artıq bu Komitə öz əməlləri ilə məqsədini aydın şəkildə ortaya qoyur. Qarabağ münaqişəsi dövründə ta əzəldən şahidi olduq ki, Komitə Ermənistan və Azərbaycana olan münasibətində fərqlilik sərgiləyir. Yuxarıda da qeyd etdiyimiz kimi, Komitə azərbaycanlı itkin və əsir düşənlərin axtarışına etinasız yanaşsa da,  Ermənistandan olan itkin və əsirlərin axtarışına daha çox səy göstərir. Azərbaycan dəfələrlə bu quruma qərəzli fəaliyyəti ilə bağlı xəbərdarlıq etsə də,  heç bir faydası olmamışdır. 2021-ci il oktyabrın 19-da Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jila Karbonye ilə görüşərkən Komitənin Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin axtarışı məsələsində fəaliyyətini gücləndirməyə çağırmışdır.

Hazırda Laçın-Xankəndi yolunda ekofəalların dinc aksiyası keçirilir. Ermənistan dünyaya yalan məlumat yaymağa çalışır ki, azərbaycanlılar bölgədə yaşayan erməniləri blokadaya salıblar. Lakin ərazidə heç bir blokada yoxdur. Yol humanitar yardımlar üçün açıqdır. Və hər gün də demək olar ki, Qızıl Xaç Komitəsinin maşınları yolda sərbəst hərəkət edir. Onu da xüsusi qeyd etmək lazımdır ki, Qızıl Xaç Komitəsi Qarabağ bölgəsində bir sıra təxribatçı əməllərə də yol verir. Belə ki, Komitə erməni siyasi nümayəndələrinin Qarabağa, xüsusən də Xankəndiyə gedişini həyata keçirir. Hətta bu faktı ermənilər özləri də etiraf edib ki, erməni siyasətçiləri Qızıl Xaç Komitəsi vasitəsilə “xəstə" adı altında Xankəndiyə və yaxud da əks istiqamətə--Ermənistana aparılır. Bu barədə Ermənistanın “panorama. am” saytı məlumat verib.

Görünən odur ki, Qızıl Xaç Komitəsini də digər beynəlxalq təşkilatlar kimi erməni lobbisi idarə edir. Belə olan halda Komitənin ermənilərə can yandırması və fərqli münasibət sərgiləməsi başadüşüləndir. Ümumiyyətlə, bu qurumun adı bir çox qərəzli məsələlərdə hallanmaqdadır. Hətta 44 günlük Vətən müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin 200 erməni hərbçinin mühasirədən çıxarılmasına yardım etməsi barədə də məlumatlar dolaşmaqdadır. Komitənin Azərbaycan ərazisində, Xankəndidə yerləşən ofisinin tapşırıq və göstərişləri Ermənistandakı mərkəzdən alması, onun fəaliyyət istiqamətini müəyyən edir.

                                             Ramidə YAQUBQIZI,

                                               “Respublika”.