Azərbaycana təhdid tam əsassızdır
Siyasət

Azərbaycana təhdid tam əsassızdır

Fransa Azərbaycandakı səfiri Ann Buayonu geri çağırıb. Bunun ardınca rəsmi Paris əsassız şəkildə Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib. Bu isə Yelisey sarayının Azərbaycana qarşı ikili standartlar və qərəz dolu siyasət yürütdüyünü bir daha təsdiqləyir. Fransanın belə bir qərar verməsinin arxasında Azərbaycana qarşı məkrli siyasi xəttin dayandığı aydın görünür. Bu münasibət isə ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra xeyli kəskinləşib.

İlk növbədə onu qeyd etmək lazımdır ki, səfirin geri çağırılması üçün müəyyən əsaslar olmalıdır. Hər iki dövlət arasında soyuq küləklər əssə də, Fransa səfirliyinə qarşı Azərbaycanda hər hansısa bir xoşagəlməz hadisə baş verməyib. Lakin ermənipərəst mövqeyi və anti-Azərbaycan yanaşması ilə hər zaman fərqlənən Makronun rəhbərlik etdiyi Fransa ölkəmizin uğurlarını həzm edə bilmədiyindən bu cür radikal qərarlar verir. Ona görə də indiki dövrdə Azərbaycan və Fransa münasibətləri tarixinin ən pis dövrünü yaşayır. Bunun da əsas səbəbi Makronun Cənubi Qafqaz siyasətinin əsasında ifrat erməni sevgisinin dayanmasıdır. Zaman-zaman Azərbaycan-Fransa əlaqələri normal səviyyədə olub. Amma Makronun bugünkü Fransası erməni diaspor və lobbi təşkilatlarının oyuncağına çevrilmiş bir ölkə kimi açıq-aşkar yanlış siyasətlə hərəkət edir. Rəsmi Parisin Bakıdakı səfirini geri çağırmasına Azərbaycan Xarici İşlər Nazirliyi də mövqe bildirib. Qeyd olunub ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə günahlandırmasına baxmayaraq, rəsmi Bakının Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Azərbaycan tərəfi öz milli maraqlarının qorunması istiqamətində müvafiq tədbirlərini davam etdirəcək və daim Fransa tərəfinə çağırışlar edib ki, Azərbaycana qarşı öz kampaniyasından əl çəksə, dialoq üçün qapılar açıqdır. Nazirlikdən o da bildirilib ki, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə hazırlanan sənəd layihələrinin təşəbbüskarı olması bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edir. Eyni zamanda qeyd edilib ki, Azərbaycanın COP29-a sədrliyini və ev sahibliyini hədəfə alan Fransa tərəfindən Azərbaycanı birtərəfli addımlarda təqsirləndirilməsi tam əsassızdır.

Son 3 il yarım ərzində Fransa Azərbaycanla münasibətləri pozmaq üçün bütün mümkün variantlardan istifadə edib. Ötən gün Fransanın ölkəmizdəki səfirinin Parisə çağırılması bir sıra məqamlara da aydınlıq gətirir. Bu addım konkret olaraq pisləşən münasibətləri daha da korlayır. Təbii ki, Fransa diplomatının geri çağırılmasını lazım bilibsə, Azərbaycan da eynilə buna cavab verə bilər. Lakin rəsmi Bakı bütün dialoqlara hər zaman hazır olduğunu bəyan edir.

Artıq son illər Fransanın Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsinin şahidi oluruq. Buna baxmayaraq, Fransanın "küskün" obraz yaratmaq cəhdi yalnız gülünc doğurur.

Yaxın tarixə nəzər salsaq, Yelisey sarayının əsl iç üzünü aydın şəkildə görə bilərik. Fransa parlamentinin qondarma "arsax"ı tanıması, BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək üçün cəhd göstərməsi, Avropa İttifaqında Azərbaycan əleyhinə kampaniya aparması, Avropa Parlamentinin Azərbaycanın xeyrinə olmayan qətnamələrin qəbulunda aktiv iştirak etməsi deyilənlərin əyani sübutudur. Makronizm bəlasına yoluxan Fransanın Laçın yolunda ekoaktivistlərin etiraz aksiyasını "blokada" adlandırması da növbəti qərəz idi. Bundan başqa, Ermənistanı silahlandıraraq revanşa hazırlamaq cəhdləri, Natəvanın heykəlinə qarşı törədilən vandallıq rəsmi Parisin hansı xislətə sahib olduğunun göstəricisidir.

Musa BAĞIRLI,

"Respublika".