Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb
İqtisadiyyat

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Azərbaycan çox əlverişli investisiya mühitinə malikdir və Türkiyə şirkətləri də bundan fəal istifadə edirlər. Biz qarşılıqlı investisiyaların həcmini artırmaq üçün bütün lazımi addımları atmağa hazırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov mayın 8-də Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda bildirib.

Hökumət başçısı qeyd edib ki, təkcə son iki onillikdə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulub və bunun da 200 milyardı qeyri-neft sektorunun payına düşüb.

Əli Əsədov vurğulayıb ki, Azərbaycan Türkiyə ilə qarşılıqlı gələcək faydalı iqtisadi əməkdaşlığa hazırdır və bu, iki ölkə xalqlarının maraqlarına cavab verir. "Əminəm ki, biznes icmaları ölkələrimizin investisiya mühitinin əlverişli imkanlarından istifadə etməlidirlər", - deyə o vurğulayıb.

Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcminin 16 milyard dolları keçdiyini, Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcminin isə 20 milyard dolları keçdiyini xatırladan Əli Əsədov əlavə edib ki, bu gün Azərbaycan bazarında 4 mindən çox Türkiyə şirkəti aktiv fəaliyyət göstərir və bununla da ölkəmizdəki digər xarici şirkətlərin əksəriyyətini təşkil edir.

Baş nazir iki qardaş ölkənin iqtisadi idarələrinin xətti ilə güzəştli ticarət haqqında Sazişin çərçivələrinin genişləndirilməsi üzrə işin aparılmasına diqqət çəkib.

"44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə əməkdaşlığın inkişafı üçün yeni imkanlar açılıb, - deyə Azərbaycan hökumətinin başçısı bildirib. "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin də fəal iştirak etdiyi genişmiqyaslı bərpa işləri aparılır. Türkiyənin 20-dən çox şirkəti bu gün həmin ərazilərdə ümumi dəyəri 4 milyard dollar olan 50-yə yaxın layihə həyata keçirir", - deyə Əli Əsədov bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri investorların ölkəmizə marağının artmasına səbəb olur. "Son dövrdə nəqliyyat sahəsi Azərbaycan hökuməti üçün prioritetlərdən biri olub. Bu istiqamətdə səylər artıq öz konkret bəhrələrini verir. Ölkəmizin infrastruktur imkanları Şərq-Qərb və Şimal-Cənub kimi genişmiqyaslı nəqliyyat təşəbbüslərinin mühüm həlqəsinə çevrilib",- deyə Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə işlərinə də diqqət çəkən hökumət başçısı vurğulayıb.

Əli Əsədov yaşıl iqtisadiyyatın inkişafının vacibliyini də qeyd edib. "BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyası (COP29) Azərbaycanın ümumi yaşıl gündəliyinin tərkib hissəsidir. Türkiyəli investorları bərpaolunan enerji sahəsində də əməkdaşlığa dəvət edirik", - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Biznes Forumuna Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə ticarət palataları və birjalar İttifaqı (TOBB) və digər qurumlar tərəfindən təşkilati dəstək göstərilib.