Azərbaycan-Türkiyə: sarsılmaz qardaşlıq
Türk dünyası

Azərbaycan-Türkiyə: sarsılmaz qardaşlıq

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini, kədərini bölüşüb. Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri günü-gündən genişlənir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri var. Həm ikitərəfli, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı, birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib.

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost münasibətlərə malik başqa ölkələr tapmaq çətindir. Getdikcə bu dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türkiyə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında oldu, hər cür mənəvi dəstəyini göstərdi. Qardaş ölkədə isə bu il fevral ayının 6-da baş verən güclü zəlzələ zamanı ilk olaraq köməyə gedən məhz Azərbaycan oldu. Həm dövlətimiz, həm xalqımız əlindən gələn bütün dəstəyi türk qardaş və bacılarına göstərdi. Geniş yardım kampaniyalarına başlanılması xalqlarımızın qardaşlıq bağlarının nə qədər dərin və güclü olduğunu göstərdi. Ölkəmizin Türk dünyası ilə əlaqələri kontekstində qardaş Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr olaraq bütün platformalarda bir-birini dəstəkləyir. Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində də gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.

Vətən müharibəsindəki qələbə ilə Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etmədi, həm də regiona yeni reallıqlar gətirdi. Bu reallıqlar isə yalnız Cənubi Qafqaz üçün deyil, bütün region dövlətlərinin, eləcə də türk dünyasının ümumi maraqlarına xidmət edir. Beynəlxalq müstəvidə adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilən dəhliz region dövlətlərinin, xüsusən də Türkiyə ilə Azərbaycanın bir-biri ilə əlaqəsini daha da gücləndirəcək, Ermənistan da daxil olmaqla regionun iqtisadi inkişafına təkan verəcək. Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq.

Türkiyə və Azərbaycan qardaşlığının ən bariz nümunəsi iki ölkə arasında imzalanan "Şuşa Bəyannaməsi"dir. 2021-ci il iyunun 15-i Azərbaycan tarixində ikiqat əlamətdar gün kimi yadda qalıb və uzun illər də qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri məhz qardaş ölkə başçısını Qarabağda qarşılayıb. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Qeyd etmək lazımdır ki, torpaqlarımızın otuz illik işğal müddətində erməni barbarları tərəfindən ərazilərimizdə olan mədəni və dini abidələr, tikililər məhv edilib. Qarabağ və Şərqi Zəngəzurda ermənilərin törətdiyi vandalizmi xaricdən gələn jurnalistlər hazırladıqları videokadrlar və çəkdikləri fotolarla dünya ictimaiyyətinə çatdırırlar. Belə jurnalistlərdən bir qrupu da avqust ayında qardaş Türkiyədən Şuşaya səfər edən media nümayəndələri olub. Türkiyədən gəlmiş media nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərində olublar. Türkiyə jurnalistləri erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Şuşa şəhərindəki həbsxana ərazisində azərbaycanlıları kütləvi şəkildə basdırdıqları məzarlığa baş çəkiblər. Türkiyədən gələn jurnalistlər Qarabağ həqiqətlərini dünyaya çatdırmaqla bir daha ölkəmizin yanında olduqlarını sübut edirlər. Bundan əlavə, Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən Türkiyə şirkətləri yorulmadan çalışır. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri yüksək səviyyədə davam edəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".