Azərbaycan-Türkiyə münasibətləri türk dünyasına qarşılıqlı dəstəyin nümunəsidir
Türk dünyası

Azərbaycan-Türkiyə münasibətləri türk dünyasına qarşılıqlı dəstəyin nümunəsidir

"1993-cü ilin yayından başlayaraq Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabilidir... Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir". Bu fikirləri ulu öndər Heydər Əliyev 2000-ci il dekabr ayının 29-da Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti zamanı səsləndirmişdir.

70 il rus imperiyasının tərkibində olan Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən qısa müddət sonra dövlətimizin suverenliyini ilk olaraq Türkiyə Respublikası tanıdı və 1992-ci ildə hər iki ölkənin diplomatik missiyaları fəaliyyətə başladı. Bir xalqın, bir millətin iki dövləti arasında qarşılıqlı əlaqələr inkişaf edərək birlik, həmrəylik mücəssəməsinə çevrildi. İki qardaş ölkə gələcəyə doğru birgə inamla addımladılar. 1992-ci il 1-3 may tarixlərində Türkiyə Prezidenti Turqut Özalın ölkəmizə, 1994-cü il 8- 11 fevralda isə ulu öndər Heydər Əliyevin Türkiyəyə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin uğurlu başlanğıcı oldu. Sonrakı mərhələlərdə yüksələn xətlə inkişaf etdirilən münasibətlər Türkiyə ilə Azərbaycanı bugünkü müttəfiqlik səviyyəsinə çatdırdı.

Dostluğun, qardaşlığın Türkiyə-Azərbaycan örnəyi türk dünyasına qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu gün bütün türk dünyası siyasi, iqtisadi problemlərin həllində gücünü, potensialını ortaya qoyaraq sarsılmaz birlik nümayiş etdirir. Xalqların inteqrasiyası, dünya birliyi qarşısında ümumtürk mövqeyi türk dünyasının daha əzəmətli, qüdrətli olmasına xidmət edir. Türk dövlətlərinin birləşməsi, bir təsisat altında fəaliyyət göstərməsi isə artıq zamanın tələbinə çevrilib və Azərbaycan-Türkiyə birliyi buna böyük töhfələr verir.

Bu il martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü türk dövlətlərinin və xalqlarının sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmləndirilməsində, dünya birliyinə inteqrasiyasında yeni səhifə açmışdır. İlk olaraq qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da bu il fevral ayının 6-da Türkiyənin Kahramanmaraş - Qaziantep şəhərlərində baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyev "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ölkə başçımıza bu çağırışına görə şəxsən öz adından, milləti, dövləti adından təşəkkür edən Rəcəb Tayyib Ərdoğan türk dövlətləri arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə Ankara Sammitinin mühüm töhfə verəcəyini vurğulamış və Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etmişdir. Türkiyə Prezidenti neft, qaz və elektrik enerjisi sahəsində türk dövlətlərinin uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkərək demişdir: "Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar".

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifini irəli sürən Prezident İlham Əliyev tarixi köklərə sahib olan türk millətinin həmrəyliyi fonunda İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən sonadək Türkiyənin Azərbaycana siyasi, mənəvi dəstəyindən, qardaş ölkədə baş verən zəlzələ zamanı isə Azərbaycan dövlətinin və xalqının humanitar yardım üçün səfərbər olduğundan bəhs etmişdir. Dövlət başçımız, həmçinin 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı yenidənqurma prosesində Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını, Özbəkistan Respublikası tərəfindən Füzuli rayonunda məktəbin, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunmasını qardaşlığın, dostluğun təzahürü kimi qiymətləndirmişdir.

Türkiyə-Azərbaycan münasibətləri möhkəmləndikcə bütün türk dünyasının tərəqqisinə, sabitliyə və firavanlığa zəmin yaradır. İki dost, qardaş ölkə arasında əlaqələr Özbəkistana əhəmiyyətli iqtisadi əməkdaşlığa, o cümlədən beynəlxalq bazarlara səmərəli çıxışa imkan verir. Bundan əlavə, Azərbaycanın tranzit ölkə kimi strateji mövqeyi Özbəkistanın ticarət əlaqələrini asanlaşdırır, ixrac və idxal üçün yeni imkanlar açır. Müdafiə və təhlükəsizlik məsələlərində Türkiyə-Azərbaycan birliyi, birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorla mübarizə səyləri regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsinə, türk dünyasında ümumi problemlərin həllinə kömək etməklə yanaşı, türk xalqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edir. Qardaş ölkəyə dəstək məqsədilə Türkiyədə keçirilən Zirvə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bundan sonra zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq üçün hər il fevralın 6-nın Türk Dövlətləri Təşkilatı çərçivəsində "Həyatını itirənlərin anım və birlik, bərabərlik və həmrəylik günü" elan olunması, eyni zamanda Təşkilat çərçivəsində Təbii Fəlakətlərin Monitorinqi və Təhlili Mərkəzinin yaradılması təşəbbüsü türk həmrəyliyinin bariz nümunəsidir.

Türkiyə və Azərbaycan arasında tərəfdaşlıq Qazaxıstanla iqtisadi əməkdaşlığın inkişafında da mühüm rol oynayır. Böyük iqtisadi gücə sahib olan Türkiyə həm də Avropaya açılan qapı kimi Qazaxıstan üçün əlverişli ticarət imkanları yaradır. Azərbaycanın neft- qaz ehtiyatları isə Qazaxıstanın enerji diversifikasiyası səylərinə mühüm töhfə verir. Türkiyə ilə Azərbaycan arasında mövcud nəqliyyat şəbəkələri və logistika infrastrukturu Qazaxıstanın Avropa bazarlarına çıxışını asanlaşdırır, ölkənin iqtisadi tərəqqisinə və regional təsirinin güclənməsinə əsaslı zəmin yaradır. Bir sözlə, Türkiyə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq iqtisadi inteqrasiyanı, ticarət əlaqələrini və investisiya imkanlarını gücləndirərək Qazaxıstanın iqtisadi inkişafına kömək edir.

Azərbaycanın əhəmiyyətli enerji resursları, Türkiyənin bu sahədə əldə etdiyi nailiyyətlər Türkmənistanla əməkdaşlığı şərtləndirir. Türkiyə Türkmənistanın enerji infrastrukturunu inkişaf etdirə biləcək türkmən qazının ixracı və infrastruktur layihələr üçün potensial marşrutlar təklif edir ki, bu da Türkmənistanın enerji təhlükəsizliyini gücləndirməklə onun iqtisadi inkişafına və regional inteqrasiyasına töhfə verir.

Zirvə görüşündə TDT-yə üzv dövlətlərin bütün dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına ciddi səylərini yüksək qiymətləndirən Macarıstanın Baş naziri Viktor Orban Sammitdə çıxış edərək demişdir: "Türk dünyası, Türk dövlətlərinin bu mənada Qafqaz və Mərkəzi Asiyadakı ölkələr olaraq açar rol oynayacaqlarını düşünürəm. Münasibətlərimizi qarşılıqlı hörmət çərçivəsində davam etdirərək bütün dünyaya örnək ola bilərik. Bu məqsədlə Macarıstan olaraq enerji, ticarət, eyni zamanda, daşıma sahələrində birgə səyləri gücləndirməyə töhfə vermək niyyətindəyik".

Türk dövlətləri arasında dostluq, qardaşlıq və qarşılıqlı güvən əsasında qurulan siyasi, iqtisadi, ticari, mədəni və hərbi əməkdaşlıq türk birliyinin möhkəmlənməsinə, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Azərbaycan-Türkiyə münasibətləri, iki dost, qardaş, müttəfiq olan ölkələrin birgə səyləri türk birliyinə əvəzsiz töhfələr verir.

Mehparə ƏLİYEVA,

"Respublika".