Türkiyə: Qlobal enerji bazarında mühüm yenilik
Türk dünyası

Türkiyə: Qlobal enerji bazarında mühüm yenilik

"Aprelin 20-də Filyosda Qara dəniz qazını yandıracağıq". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 14-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bundan sonra Türkiyə öz daxili qazından istifadəyə başlayacaq. Qara dəniz qazının uzunmüddətli planlaşdırma və strategiya ilə həyata keçiriləcəyini vurğulayan Ərdoğan qeyd edib ki, əvvəlcə kəşfiyyat gəmiləri alındı, sonra qazma gəmiləri gətirildi, daha sonra bu gəmilərdə işləmək üçün insan resursları hazırlandı. Bunlardan sonra daxili və milli enerji siyasəti ilə Qara dənizdə 710 milyard kubmetr qaz aşkarlandı. Bununla belə, axtarış və qazma işləri davam etdiriləcək. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyənin enerji sahəsindəki rolunu artıracaq yeni sərmayələr və layihələr var.

Ümumiyyətlə, aydın məsələdir ki, son illər Türkiyə dünyanın enerji mərkəzinə çevrilir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə neft-qaz, elektrik enerjisi sektorundan çox ciddi nailiyyətlər əldə edir. Bununla belə, hələ də Qara dənizdə aktiv neft-qaz axtarışlarını davam etdirir. Məsələn, "Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti tərəfindən Qara dənizdə aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə, 540 milyard kubmetr təbii qaz aşkar edilib. Qara Dənizin Türkiyə sektorunda Sakarya yatağından təbii qazın tədarükünün başlanması isə Ərdoğanın da açıqladığı kimi, aprelin 20-nə planlaşdırılıb. Hazırda son məlumat olaraq TPAO Qara dənizdəki Sakarya qaz yatağında "Türkali-2" kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb. TPAO ("Türkiyə Petrolları Anonim Ortaqlığı") şirkətinin prezidenti Melih Han Bilginin fikrincə, Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15 faiz azaltmağı planlaşdırır. Birinci mərhələdə Sakarya yatağı idxal qazından asılılığı 15 faiz azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35 faiz azalacaq. Bu isə onu deməyə əsas verir ki, Türkiyə Avropanı enerji təhlükəsizliyinə qovuşduracaq mərkəzə çevrilir.

Ukraynadakı müharibədən sonra kifayət qədər qısa müddət ərzində Avropada qaz qiymətləri rekordları qıraraq pik həddə çatdı. Bu da qitədə yerləşən ölkələrin iqtisadi vəziyyətinə təsir etməyə bilməzdi. Buna görə də, "mavi yanacağın" tədarükü üçün yeni marşrutların, qaz istehlakçılarını əhatə edən yeni şəbəkələrin formalaşması zəruri idi. Bu məqamda isə Türkiyənin simasında Avropa qitəsində yeni qaz qovşağının yaranmasını görürük. Yəni bütün bunlar yeni iqtisadi reallıqların, restrukturlaşdırılmış qaz bazarının formalaşması deməkdir.

Türkiyənin tamhüquqlu qaz qovşağı olaraq formalaşması istiqamətində mühüm hadisə kimi ölkənin 13 illik müqaviləsi çərçivəsində Bolqarıstana ilk təbii qaz tədarükünün həyata keçirilməsini vurğulamaq vacibdir. Belə ki, yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyənin mayeləşdirilmiş təbii qaz (LNG) terminalları vasitəsilə ildə təxminən 1,5 mlrd kubmetr qaz tədarük edəcək. Müqavilə çərçivəsində ilk qazın "Marmara Ereğlisi" LNG terminalı ilə tədarükü baş tutdu. Qeyd olunan razılaşma çərçivəsində tədarüklərin başlanılması təkcə Bolqarıstanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir və verəcək. Türkiyənin infrastrukturundan istifadə etmək istəyən yeni tədarükçülərin cəlb edilməsi isə ölkənin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini daha da artıracaq.

Türkiyənin faktiki olaraq qaz qovşağı funksiyasını yerinə yetirməsindən danışarkən onu da qeyd edək ki, hazırda Türkiyə Azərbaycan qazının da Avropaya nəqlinin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar Türkiyənin ərazisindən onun Yunanıstanla sərhədinə qədər uzanan Trans-Anadolu boru kəmərinin tikintisi və Trans-Adriatik qaz kəmərinin istifadəyə verilməsi sayəsində mümkün olub. İndi Azərbaycan qazı Türkiyə vasitəsilə Yunanıstana, İtaliyaya və Bolqarıstana nəql olunur. 2021-ci ildə Azərbaycan qazının Avropaya tədarükü 8,2 mlrd kubmetr, 2022-ci ildə isə 11,4 mlrd kubmetr təşkil edib. 2023-cü il üçün tədarüklərin təxminən 12 mlrd kubmetr olacağı proqnozlaşdırılır. Lakin bu, yuxarı hədd deyil. 2027-ci ilə qədər bu rəqəmin 20 mlrd kubmetrə çatacağı gözlənilir.

Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Sözügedən nailiyyətlərin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti vacib rol oynayır.

Jalə QASIMZADƏ,

"Respublika".