Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir
Türk dünyası

Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycanın nüfuzu gündən-günə artır. Region və onun ətraf ölkələrilə, təşkilatlarla qurulan əlaqələr, imzalanan müqavilələr bunun əyani nümunəsidir. Ölkəmizin zəngin təbii sərvətlərə, keyfiyyətli neft-qaz resurslarına malik olması onun dəyərini daha da artırır.

Hazırda bir çox ölkələrlə, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türk dövlətləri və sair ilə əməkdaşlıqlar davam edir. Prezident İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransdakı çıxışında bildirib: "Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik".

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında 100-dən çox müqavilə, saziş imzalanıb. Əlbəttə, təsadüfi deyil ki, bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) ölkəmiz aktor rolunu oynayır. Ötən il yanvar-oktyabr aylarında daşınan yüklərin həcmi 66 faiz artıb. Azərbaycanın tranzit ölkə kimi rolu artdıqca Mərkəzi Asiya ölkələrində maraq daha da çoxalır. Bu gün bir çox enerji və ya digər ixracat məsələlərində Mərkəzi Asiya ölkələri tərəfdaş kimi Azərbaycanı seçir.

Özbəkistanla ölkəmiz arasındakı münasibət böyük inkişaf yolu keçib. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Orta Dəhliz kimi böyük layihələrdə ölkələrimiz dost qismində böyük işlər həyata keçirib. Özbəkistan mineral yanacaqlarla zəngindir və bu təbii sərvətdən əldə olunan gəlirlər liman, yol və dəmir yolu infrastrukturuna əhəmiyyətli dərəcədə sərmayə qoymağa imkan verir.

Ölkələrimiz arasındakı münasibətlərin ilkin versiyasına qısaca nəzər salsaq görərik ki, hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Şübhəsiz ki, iki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Rəsmi mənada isə diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki qardaş ölkə arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycan və Özbəkistan arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Şübhəsiz ki, bu münasibətlər məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın o zamankı prezidenti Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Gələcək münasibətlərin köklü təməlinin atılması isə 1996-cı ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə"si ilə birbaşa əlaqəlidir. Bundan düz bir il sonra Heydər Əliyevin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.

Şübhəsiz ki, ölkələrimiz arasındakı münasibət dərin köklərə söykənir. Bu müstəvidə Özbəkistan hakimiyyəti istər Qarabağ münaqişəsi zamanı və postmüharibə dövründə daim ölkəmizə dəstək verib. Bu mənada deyə bilərik ki, Özbəkistan hakimiyyəti 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Postmüharibə zamanı da öz dəstəyini əsirməyən dost ölkə 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib.

Hazırkı dövrdə iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, iki ölkə arasında əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan sürətlə inkişaf edir, münasibətlər daha da güclənir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir. Buna əsasən, ötən il Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Bununla yanaşı, elə həmin ilin avqustunda üçtərəfli əməkdaşlıq çərçivəsində Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub. Ötən il ticari dövriyyə hələ ilin ortasında 131,06 milyon dollar olub. 2021-ci ildə isə bu göstərici 111,9 milyon dollar təşkil edib. Ötən il yükdaşımaların həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında göstərici 578 min ton olub. Bu, əvvəlki illərə nisbətən 2-3 dəfə çoxdur. Belə ki, dövriyyə 2021-ci ildə 172,1 min, 2020-ci ildə 272,1 min ton olub. Bununla yanaşı, Prezident İlham Əliyevin ötən il Özbəkistana səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verib.

Özbəkistan xalqı hər zaman ölkəmizlə münasibətdə maraqlı olub. Ölkəmizə səfəri zamanı Şavkat Mirziyoyev bildirib: "Biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı, işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hörmətlə yanaşıb. Şərəf Rəşidoviç ilə çox görüşüblər, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiyə qədər fəxrlə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, hər yerdə onu dəstəkləyirdi. Bizdə "özbək işi" qaldırılan çətin illərdə Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir".

Qeyd edək ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri baş tutub. Azərbaycan Milli Məclisinin deputatları TÜRKPA-nın xətti ilə Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə ediblər.

Onlar öz missiyalarını Daşkənd şəhərində həyata keçiriblər.

Deputatlar bildiriblər ki, prezident seçkiləri bötövlükdə sakit keçib və qanun pozuntularına yol verilməyib. Seçkilərin şəffaf şəraitdə keçirilməsi məntəqədə seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən də qeyd olunub. Yekun müşahidələrin nəticəsində demək olar ki, seçkilərlə bağlı beynəlxalq qurumlar da öz müsbət rəylərini verib və özbək xalqını təbrik edib. Nəticədə Şavkat Mirziyoyev bir daha prezident seçilib. Ölkə başçımız iyulun 10-da dost ölkə başçısına zəng edərək səmimi-qəlbdən təbrik edib. İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib. Həmçinin dost ölkənin qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edərək, onun fəaliyyətində uğurlar arzulayıb. Danışıq zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.

Ölkə başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Şübhəsiz ki, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi gələcək günlərdə daha böyük layihələrin həyata keçməsinə mühüm töhfələr verəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".