Zəfər Bayramı
Türk dünyası

Zəfər Bayramı

Bu gün Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biri, 30 avqust zəfər bayramı günüdür. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb. Sülhsevər, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə öz tarixinə yeni səhifələr yazıb. Bu səhifələri vərəqlədikcə qəhrəman türk millətinin yurd, torpaq sevgisi ilə alışıb-yandığına, vətənpərvərliyinə, döyüşkənliyinə bir daha şahid olursan. Türk ordusu dedikdə, ilk öncə gözlərimizin önündə yurdsevər, vətənsevər, millətsevər, bayraqsevər, ürəyində Vətən sevgisi alışıb yanan yüksək nizam-intizamlı, qüdrətli bir ordu canlanır.

Türk tarixi zəfərlərlə zəngindir. Bu zəfərlər sırasında ən önəmli yer tutan və 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşıdır. Bu savaş türk millətinin yenidən dirçəlişi günü kimi tarixə yazılıb. Bu savaş Anadolu torpaqlarının "Türk Vətəni" olduğunu bir daha düşmənlərə sübut edib. Qurtuluş savaşının yekunu olan və o zaman türk ordularının baş komandanı Mustafa Kamal Paşanın şəxsən rəhbərlik etdiyi böyük hücumun son günü - yəni 1922-ci il avqustun 30-u Baş Komandanlıq müharibəsi adını da alıb. Bu zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyon Karahisar və İzmirdə böyük təntənə ilə bayram edilib. İlk dəfə 1924-cü il avqustun 30-da Dumlupınarda Çal kəndi yaxınlığında Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Paşanın da qatıldığı bir törəndə bu qələbə Baş Komandan zəfəri adı ilə bayram edilib. 1926-cı ildən etibarən bu bayram Zəfər bayramı kimi qeyd olunur. Rəsmən 1935-ci ilin mayında qəbul olunmuş qanunla Zəfər bayramı elan olunub və hər il bütün yurdda şənliklərlə qeyd olunur.

''Zəfər bayramı, eyni zamanda, Türkiyə Cümhuriyyətinin milli bayramı hesab olunur. Bu zəfər təsadüfi bir qələbə olmayıb. Birinci Dünya müharibəsi zamanı türklərin doğma yurdları uğrunda apardıqları ölüm-dirim müharibəsi sonda qurtuluş hərəkatına gətirib çıxarıb''. Bu fikri açıqlamasında Türk Mədəniyyət Platformasının rəhbəri, yazıçı-alim Metin Yıldırım vurğulayıb. O deyib: ''İngilis və fransız orduları Çanaqqalaya hücum edən zaman əmin idilər ki, özlərinin üstün müasir silahları, təlimi qarşısında, Balkan müharibəsindən çıxmış yorğun türk əsgərinin mübarizə aparmağa gücü olmayacaq. Hətta türklərlə müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt intizamı ilə bir il yarım ərzində hazırlanan ordunun, yetkin və fədakar zabitlərinin komandası ilə türklər düşməni işğal etdikləri torpaqlardan qovdu. 1922-ci ilin yayında Mustafa Kamal Paşa deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".

1922-ci il avqustun 26-sı sübh tezdən saat 05.30-da müzəffər türk ordusunun topçu birliklərinin atəşləri altında geniş hücum əməliyyatı başlanıb. Düşmən mövqeləri bir-birinin ardınca ələ keçirilib. Bu qanlı döyüşlər iki gün davam edib. Avqustun 27-də türk qoşunları Sincanlı və Afyon düzənliklərinə enib, Afyonu azad ediblər. Darmadağın olmuş yunan birlikləri Sincanlı düzənliyindəki təpələrdə təkrar müdafiəyə keçməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər. Dumlupınar-Uşak istiqamətində canlarını qurtarmaq üçün qaçan yunanların böyük bir qismi cənubdan 1-ci ordu, şimaldan 2-ci ordu birliklərinin təzyiqi nəticəsində Aslihanlar bölgəsində sıxışdırılıb. Avqustun 28-29-da düşmənin arxa cəbhəsinə keçən türk birlikləri onların İzmirə doğru qaçış yollarını kəsib. Türk əsgər və zabitləri böyük bir rəşadət və qəhrəmanlıq nümunələri göstərərək, avqustun 30-da səhər tezdən geri sıxışdırılan düşmən birlikləri ilə türk birlikləri arasında bu bölgədə böyük bir meydan savaşına başlayıb. Bu savaş türk tarixşünaslığında "Baş Komandanın meydan müharibəsi" adını alıb.

Azərbaycan o ağır illərdə də maddi və mənəvi yardımını Türkiyədən əsirgəməyib. Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirib. N.Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya, xeyli miqdarda silah-sursatı da Anadoluya göndərib. Bütün bunlar qardaşın-qardaşa köməyi, vəfa borcu idi. Bir müddət sonra Mustafa Kamal Paşa, Nəriman Nərimanova borcunu ödəməyə çalışanda o deyib: "Paşam, türk millətinin bir ənənəsi vardır, qardaş-qardaşa borc verməz. Qardaş-qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər bir şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışdıq. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil". İnanıram ki, bu ənənə belə də davam edəcək. Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Biz iki qardaş olaraq tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bildik. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaqdır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə Azərbaycan tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti və xalqı olaraq bütün dünyaya Azərbaycan ilə həmrəy olduğumuzu nümayiş etdirdik. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadıq. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyənin tarixi Qələbəsidir. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Türk dünyasının əvəzsiz liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrik kəlamları tarixin hər dönəmində müasirdir, unudulmazdır. Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir", Heydər Əliyevinin "Bir millət, iki dövlət" müdrik kəlamları sanki bu gün üçün deyilib. İnanıram ki, bu belə də davam edəcək.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.