Çoxəsrlik tarixi əlaqələr yeni müstəvidə
Türk dünyası

Çoxəsrlik tarixi əlaqələr yeni müstəvidə

Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulmuşdur

Qədim tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün də müsbət tendensiya ilə davam edir. Burada ən başlıca səbəb hər iki xalqın eyni dilə, dinə və ortaq mədəniyyətə malik olmasıdır. Respublikamız Özbəkistanla əlaqələrini həm Türk Dövlətləri Təşkilatında, həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlarda dərinləşdirir. Keçmiş İttifaq daxilində iki ölkə arasında münasibətlərin inkişafı, postsovet dövründə də daha yüksək səviyyədə həyata keçirilmişdir.

Özbəkistan dünyada yeganə ölkələrdən biridir ki, Azərbaycan-Ermənistan münaqişəsinə ədalətli yanaşma sərgiləyib və hələ də İrəvan-Daşkənd arasında diplomatik əlaqələr mövcud deyil. Baxmayaraq ki, bu ölkədə minlərlə erməni icmasının üzvü yaşayır. İkinci Qarabağ müharibəsi dövründə də Özbəkistan Azərbaycanın haqq işinə dəstək verən ölkələrin önündə gəlib. Məhz buna görə də qardaş ölkə xalqımız tərəfindən hər zaman sevilib və özbək xalqına xüsusi rəğbət göstərilib.

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələrin qurulması 1995-ci il oktyabrın 2-nə təsadüf edib. Daha sonra 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Xüsusilə qeyd edilməlidir ki, ölkələr arasında dostluq münasibətlərinin təməlinin qoyulmasında ümummilli lider Heydər Əliyev və İslam Kərimovun böyük rolu olub. Prezidentlər arasında ilk rəsmi səfər 26-27 may 1996-cı il İslam Kərimov tərəfindən həyata keçirilib. Səfər çərçivəsində "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" və 19 sazişdən ibarət xüsusi sənəd paketi imzalanıb. Həmin ilin 21-22 oktyabrında isə ulu öndər Özbəkistana ilk rəsmi səfərini gerçəkləşdirib. 1996-cı ildə Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

Bu gün Azərbaycan-Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsində dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin əvəzsiz xidmətləri var. Buna misal olaraq, onu qeyd etəmək kifayət edər ki, Prezident İlham Əliyev 2022-ci ildə Özbəkistanda üç dəfə səfərdə  olub. Həmçinin bu il yenidən prezident seçilən Şavkat Mirziyoyev ilk rəsmi səfərini də Azərbaycana edib.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından dərhal sonra bərpa-quruculuq işlərinə başlayan ölkəmiz bu istiqamətdə bütün işləri öz vəsaiti hesabına həyata keçirir. Yalnız burada da bir məqamı vurğulamaq lazımdır ki, Özbəkistan Qarabağ bölgəsində yenidənqurma işlərində də Azərbaycana dəstək olub. Belə ki, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin xərcləri qardaş ölkənin vəsaiti hesabına maliyyələşib. İnşaat işlərinin başa çatmasından sonra avqustun 23-də Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəbdə 960 şagird təhsil ala biləcək. Məktəb müasir standartlara cavab verən 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxanadan ibarətdir.

Füzuliyə səfər çərçivəsində yeni evlərinə köçürülmüş sakinlərlə də görüşən Şavkat Mirziyoyev bildirmişdir ki, əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi: "Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq".

Dost və qardaş ölkə başçısının Prezident İlham Əliyev haqqında söylədiyi bu fikirlər səmimi dostluğun, həmçinin türk dünyasının birliyinin göstəricisidir.

Musa BAĞIRLI,

"Respublika".