Milli Kəşfiyyat Akademiyası fəaliyyətə başlayıb
Türk dünyası

Milli Kəşfiyyat Akademiyası fəaliyyətə başlayıb

Türkiyə Milli Kəşfiyyat Akademiyası 2023-cü ilin fevral ayında yaradılıb və bu il yanvar ayının 6-dan fəaliyyətə başlayıb. Akademiya əsas fəaliyyətini kəşfiyyat, təhlükəsizlik və strategiya istiqamətlərində quracaq. Burada magistratura, doktorantura təhsili veriləcək, araşdırmalar aparılacaq və müxtəlif məsələlər üzrə strategiya hazırlanacaq, xarici siyasət üçün perspektivlər açılacaq, prioritetlər müəyyən olunacaq.

Milli Kəşfiyyat Akademiyası təkcə nəzəri deyil, həm də texniki sahədə də fəaliyyət göstərəcək. Akademiyada əsas fəaliyyət istiqamətlərindən biri elmi tədqiqatların aparılması, elmi tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsindən ibarət olacaq. Təhsil və elmi araşdırmalarla birlikdə, kəşfiyyat və təhlükəsizlik sahəsində elmi biliklər istehsal etməyi, Türkiyədə dünyaya inteqrasiya olunmuş kəşfiyyat tədqiqatları birliyi yaratmağı da hədəfləyir.

Milli Kəşfiyyat Akademiyasının məqsəd və fəaliyyəti haqqında açıqlama verən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Akademiyanın Türkiyənin kəşfiyyat nəzəriyyəsində də söz sahibi olması üçün yaradıldığını vurğulayıb. General, Akademiyanın açılması ilə qazanılacaq təcrübənin Azərbaycan başda olmaqla bütün türk dövlətləri ilə paylaşılacağını vurğulayıb:

"Artıq ilk elmi araşdırma "Dünyadakı ifrat sağcı hərəkətlər" adı altında yayımlandı. Akademiyanın fəaliyyətə başlaması ilə Türkiyə kəşfiyyat sahəsində öz iddialarını, təşəbbüslərini, nüfuzunu gücləndirir. Kursantlar kəşfiyyat, təhlükəsizlik, strategiya, regional fəaliyyət, kiber təhlükəsizlik, peyk sistemləri, süni intellekt, məlumat bazasının analizi və s. sahələrdə çox yüksək səviyyəli təhsil alacaqlar. Aparılan elmi araşdırmalarla birgə bir sıra tətbiqi layihələr də həyata keçiriləcək. Bu hadisə Türkiyə Respublikasının e.ə. 209-cu ildə qurulan ordusu ilə Anadoluda var olan min illik dövlətçilik ənənəsinin məntiqi nəticəsidir. Akademiyanın açılması qlobal güc olma, Türkiyə Yüzili və Türk Yüzili idealını reallaşdırma yolunda çox böyük addımdır. Əlbəttə, əldə edəcəyimiz təcrübə və qazandıqlarımız başda Azərbaycan olmaqla, bütün qardaş ölkələrimizi də gücləndirəcək, Türk Dövlətləri Təşkilatı çərçivəsində bilgi mübadiləsinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Akademiyanın açılması Qafqazda, Balkan ölkələrində, Liviyada, Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişəsində və Yaxın Şərqdəki proseslərdə, səmada və dənizdə ortaq gələcəyimiz üçün həyata keçirdiyimiz fəaliyyətlərdə gücümüzə güc qatacaq".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.