Azərbaycan-Rumıniya əlaqələri yeni mərhələdə
Siyasət

Azərbaycan-Rumıniya əlaqələri yeni mərhələdə

Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkələr arasında iqtisadi-siyasi əlaqələrdə, əsasən də enerji sahəsində çətinliklər və maneələr yaranmışdır. Son zamanlar Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı kəskin şəkildə artıb.

Zəngin enerji ehtiyatlarına sahib olan ölkəmiz Avropa dövlətləri ilə əlaqələrini xeyli gücləndirmişdir. Azərbaycanın dünyada artan nüfuzu və zəngin enerji mənbələri onun etibarlı tərəfdaş kimi də mövqeyini möhkəmləndirir. Təkcə 2022-ci ildə 10-dan çox Avropa ölkəsi Azərbaycandan qaz almaq və nəql olunan qazın həcmini daha da artırmaq üçün müraciət etmişdir. Bu ölkələr sırasında Rumıniya da var. Yaxın keçmişə qədər ölkəsinin qaza olan tələbatının 95 faizini öz gücünə təmin edən Rumıniyada son illər qaz hasilatı kəskin şəkildə azalmışdır. Bu səbəbdən də Rumıniya Rusiyadan qaz almaqla ölkəsinin qaza olan ehtiyaclarını ödəyirdi. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya qazının ixracı kəskin şəkildə azalıb. Əhalinin tələbatını ödəmək üçün Rumıniya hökuməti ötən il qanunvericiliyində Qara dənizdəki yataqların işlənməsində iştirak edəcək şirkətlər üçün vergi güzəştlərini nəzərdə tutan dəyişiklik edib.

Rumıniyanın "Transqaz" şirkətinin hesablamalarına görə, 2040-cı ilə qədər ölkədə qaza olan illik tələbat 8 milyard kubmetr artaraq 20 milyard kubmetrə çatacaq. Məsələ isə ondan ibarətdir ki, daxili hasilat artsa da, tələbatı ödəyəcək həcmdə olmayacaq. 2022-ci il dekabr ayının 16-da SOCAR və Rumıniyanın "Romgaz S.A." arasında imzalanan müqaviləyə əsasən, bu il yanvar ayının 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb. Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriaktik boru kəmərinin Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsilə planlı nəqlini nəzərdə tutur. Bu müqaviləyə əsasən aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetr mavi yanacağın çatdırılması planlaşdırılmışdır.

Fevral ayının 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la "Romgaz S.A." arasında 2023-2024-cü illər ərzində Azərbaycanın Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalanıb. Bu saziş 2022-ci il oktyabr ayının 19-da və dekabr ayının 16-da SOCAR və "Romgaz S.A." arasında imzalanan sənədlərin davamı hesab olunur. Əldə olunan razılaşmaya əsasən bu ölkə Azərbaycan və Yunanıstanın LNG terminalından əldə edəcəyi qazı bir sıra ölkələrə ötürəcək. Avropa İttifaqının qaz təchizatı baxımından ən zəif potensiala malik olan ölkəsindən biri də Moldovadır. Nəzərdə tutulur ki, baş tutacaq layihə əsasında Avropa İttifaqı Moldova üzərindən Ukraynaya da qaz çatdırılmasını təmin edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan qazının Avropa İttifaqı üçün önəmi böyükdür. Bunları nəzərə alan ölkəmiz qaz həcminin enerji ixracını artırmaq məqsədilə bu istiqamətdə imkanlarını daha da gücləndirir. Azərbaycan qazının dünyaya çıxması baxımından Rumıniya ilə əməkdaşlıq buna imkan verir. Ölkəmiz qazın ixrac coğrafiyasını genişləndirməklə həm də dövlətlər arasında əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və "yaşıl enerji" strategiyasına böyük töhfə verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini,  bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğulayıb və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirib.

Ümumiyyətlə, Azərbaycan və Rumıniya arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Hər iki tərəf qarşılıqlı əməkdaşlıq və siyasi dialoq baxımından çox fəaldır. Uzun illərdir ki, bu münasibətlər dostluq şəraitində davam edir.

Ramidə YAQUBQIZI,

"Respublika".