Azərbaycan öz suverenliyini tam bərpa edib
Siyasət

Azərbaycan öz suverenliyini tam bərpa edib

Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişən İkinci Qarabağ müharibəsi regionda uzun illərdir davam edən ədalətsizliyə son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan bundan sonrakı dönəmdə də addım-addım öz məqsədlərini həyata keçirdi.

Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsi bölgədə yeni müharibə riskinin yaranmasına ən böyük səbəblərdən biri olmuşdu. Həmçinin Laçın dəhlizindən sui-istifadə hallarına yol verilməsi də Azərbaycanın maraqlarına cavab verməyən mənzərə formalaşdırırdı ki, bu il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin təsis olunmasından sonra bunun qarşısı alındı. Beləliklə, Qarabağda separatizmin süqutu başladı və həmin ərazilərdə keçirilən lokal antiterror tədbirləri nəticəsində xunta rejimi məhv oldu.

2 oktyabrda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev yenidən bu məqama toxundu və bir daha Qarabağ məsələsinə nöqtəni qoydu. "Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik", - deyə Prezident İlham Əliyev çıxışında bildirdi.

Ölkə başçısı çıxışlarında dəfələrlə  bu tədbirlərin anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında "boz zona" olmayacaq və heç bir halda bizim torpaqlarda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Qarabağda keçirilmiş antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam cavab verməklə yanaşı, həm də beynəlxalq hüquqa əsaslanır və həmin bölgədə marionet rejimin mövcudluğu ölkəmizin  konstitusion quruluşuna heç bir halda uyğun gəlmirdi...

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Nəticədə bəzi xarici ölkələrin dəstəyindən həvəslənib Xankəndidə və ətraf qəsəbələrdə özünə "dövlət" qurmaq istəyən qanunsuz erməni silahlı dəstələri regiondan tamamilə çıxarıldı.  Halbuki dövlətimiz həmin silahlıların dinc yolla zərərsizləşdirilməsinin tərəfdarı olmuş və bir neçə dəfə erməni icmasının nümayəndələrini bu məqsədlə dialoqa da dəvət etmişdi.

Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini tam bərpa edibsə, bunun əsas səbəbi dövlət başçısının ali siyasi iradəsi və Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin olmasıdır. 30 il havadan asılı qalan BMT qətnamələrini 2020-ci ildə 44 günə icra edən Azərbaycan Ordusunun şəxsi heyəti öz qanı və canı hesabına tarixi ədaləti bərpa etdi. Təəssüflər olsun ki, antiterror tədbirləri zamanı da şəhidlərimiz oldu. Onlar Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdilər. Şəhidlərimizin  əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Məhz  Silahlı Qüvvələrimizin son uğuru işğalçı Ermənistanı və onun maliyyəsi ilə yaşayan qanunsuz xunta rejimini ciddi təşvişə saldı. Bir günlük lokal antiterror tədbirlərində nəhayət onlar anladılar ki, müqavimət göstərmək əbəsdir. Yüksək dəqiqliyə malik olan silahlarla separatçıların döyüş mövqeyini darmadağın edilməsi də həlledici məqamlardandır.

Xüsusilə vurğulanmalıdır ki, Qarabağda həyata keçirilən antiterror tədbirləri son dərəcə  dəqiqliklə aparılmış və heç bir mülki obyektə ziyan dəyməmişdir. Bu məsələni əgər təkcə Azərbaycan dövləti qeyd etsəydi, bu, öz mənafeyinə uyğun olan bəyanat kimi qələmə verilə bilərdi. Hətta BMT-nin Qarabağa gəlmiş missiyası da son açıqlamasında bildirib ki, heç bir mülki infrastruktura ziyan vurulmayıb və erməniəsilli vətəndaşlara qarşı normal münasibət göstərilib.

Musa BAĞIRLI,

"Respublika".