Azərbaycan neokolonializmə qarşı mübarizəni davam etdirəcək
Siyasət

Azərbaycan neokolonializmə qarşı mübarizəni davam etdirəcək

Fevralın 14-də andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev respublikamız üçün vacib sayılan bir çox məsələlərdən, eləcə də yeni dövrdə aparılacaq xarici siyasət istiqamətindən danışıb.

Dövlətimizin başçısı öz nitqində bildirib ki, Azərbaycan dünyanı narahat edən problemlərin həllində daha fəal olacaq və neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında yer alacaq: "Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar".

Artıq dünyanın siyasi arenasında məlum həqiqətlərdən biri də Azərbaycanın neomüstəmləkəçi təfəkkürü ilə yaşayan dövlətlərlə siyasi mübarizə aparmasıdır. Elə bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupunun əsas vəzifəsi müstəmləkədən əziyyət çəkən ölkələrin azadlıq səsini beynəlxalq müstəviyə yaymaqdır. Ötən il təsis edilən Bakı Təşəbbüs Qrupu 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər həyata keçirib.

Təbii ki, belə mövzuda ağıla ilk olaraq Fransa gəlir. Bu kontekstdə tarixdən bir xatırlatma da yerinə düşər: XIX-XX əsrlərdə daha da genişlənən Fransa müstəmləkə imperiyasının ərazisi 1939-cu ilə kimi 13 milyon 500 min kvadratkilometrə çatmışdı. Bu da təxminən dünyanın 10 faizinə nəzarət demək idi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarəti bu gün də davam edir. Rəsmi Paris bu cür çirkin əməlində nəinki uzaq durmağa çalışır, hətta azadlıq çağırışı edən xalqları əzməkdə davam edir.

Tarix boyu Afrikada, Cənubi Amerikada, Asiyanın müxtəlif regionlarında təbii sərvətləri istismar edən imperialist qüvvələrin maraq dairəsində Cənubi Qafqaz da xüsusi yer tutub. Hazırda da Fransa kimi dövlətlər regionumuzun təbii ehtiyatlarını və mineral resurslarını talan etmək üçün müxtəlif yollara əl atır. Amma Azərbaycan bunun qarşısını almaq üçün qəti iradə və mövqe ortaya qoyur.

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər təkcə Ermənistanın işğalını sona çatdırmadı. Bu, həm də 30 il boyunca Qarabağ və Şərqi Zəngəzurda yeraltı sərvətlərimizi istismar edən imperialist dövlətlərin məğlubiyyəti oldu. Başda Fransa olmaqla, bir sıra dövlətlərin Azərbaycanın Laçın yolunu nəzarətə götürməsinə etirazların da əsl səbəbi elə bu idi. Qarabağı Ermənistana birləşdirən bu yol uzun illər sərvətlərimizin talan edilməsi məqsədilə istifadə olunub.

Dörd il Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan təsisatın yaradılmasının müstəmləkəçiliyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu kimi halların dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xüsusi rol oynayıb. Hərəkata sədrliyi dövründə gündəmə gətirilən ən vacib məsələlərdən biri də məhz neokolonializmlə mübarizə olub. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi diqqət yetirməlidir. Ölkə Prezidenti dəfələrlə Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış da edib. Ötən il paytaxt Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəsini sərt tənqid edən Bakı Bəyannaməsi qəbul olundu. Elə Paris meri Ann İdalqonun timsalında bir sıra Paris rəsmilərinin 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etirazlarının da əsas səbəbi məhz buradan qaynaqlanır.

Musa BAĞIRLI,

"Respublika".