AZƏRBAYCAN MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN FƏAL ÜZVÜDÜR
Digər xəbərlər

AZƏRBAYCAN MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN FƏAL ÜZVÜDÜR

20 sentyabr 1993-cü il tarixdə Milli Məclis ölkəmizin bu beynəlxalq quruma daxil olması ilə bağlı qərarı ratifikasiya etmişdir

Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş" əsasında təsis edilmişdir. 20 sentyabr 1993-cü ildə Azərbaycanın Milli Məclisi ölkəmizin bu birliyə daxil olması ilə bağlı qərarı ratifikasiya etmişdir. Nəticədə, 24 sentyabr 1993-cü il tarixdə MDB Dövlət başçıları şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Azərbaycan MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, ölkəmiz MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın üzv dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. MDB-nin Nizamnamə orqanlarına Dövlət başçıları şurası, Hökumət başçıları şurası, Xarici işlər nazirləri şurası, Müdafiə nazirləri şurası, Sərhəd qoşunları komandanları şurası, Parlamentlərarası Assambleya, İqtisadi Məhkəmə daxildir. MDB-nin İcraçı orqanlarına isə İqtisadi şura, birliyin üzv dövlətlərinin daimi səlahiyyətli nümayəndələrinin Şurası və İcraçı komitə aiddir.

Müdafiə nazirləri şurası 1992-ci il fevral ayının 14-də təsdiq edilmişdir. Bu orqana Ermənistan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və 1993-cü ildən isə Qırğızıstan qoşulmuşdur. 1994-cü ildə Müdafiə nazirləri şurası haqqında yeni sənəd qəbul olunmuş və bura Azərbaycan, Belarus və Gürcüstan da qoşulmuşdur. 2000-ci ildə isə Gürcüstan bu orqanda olan fəaliyyətini dayandırmışdır.

Parlamentlərarası Assambleya Sankt-Peterburq şəhərində yerləşir, 1992-ci ildə yaranmışdır. Bu quruma ilk üzv olan dövlətlər Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan idi. Assambleya qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlərin müzakirəsi, layihə və sənədlərin baxılması üçün məşvərətçi struktur kimi yaradılmışdır. 1993-1995-ci illərdə Parlamentlərarası Assambleyaya Azərbaycan, Gürcüstan, Moldova, 1999-cu ildə isə Ukrayna üzv olmuşdur. 1995-ci ildə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Parlamentlərarası Assambleya haqqında Konvensiya imzalamışlar. 1997-ci ildə konvensiyaya Moldova da qoşulmuşdur. Bu konvensiyaya əsasən, Parlamentlərarası Assambleya dövlətlərarası orqan kimi tanınmışdır.

MDB-nin Gələcək İnkişaf Konsepsiyasına dair Dövlət başçıları şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.

MDB Dövlət başçıları şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan da bu müqaviləni imzalamamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il oktyabrın 16-da MDB Dövlət başçıları şurasının iclasında iştirak və çıxış etmişdir. O, çıxışında Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin bir parçası kimi oynadığı əhəmiyyətli rola toxunmuş, digər MDB dövlətlərini layihələrə qoşulmağa dəvət etmişdir.

MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olmaqla məqsədlərinə tam şəkildə çatmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq veto qoya bilmişdir. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verir.

Azərbaycanın xarici ticarətində MDB ölkələri əhəmiyyətli yer tutur. Bunda Azərbaycanla MDB ölkələri arasında vizasız gediş-gəlişin və güzəştli gömrük tariflərinin tətbiqinin rolu böyükdür. Əvvəllər Azərbaycanın əsas ticarət tərəfdaşlarını MDB ölkələri təşkil edirdisə, indi bu nisbət Avropa İttifaqı ölkələrinin xeyrinə dəyişmişdir. MDB ölkələri arasında Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan ölkə Rusiya Federasiyasıdır.

Azərbaycan MDB-yə əhəmiyyətli regional təşkilat kimi yanaşır, öz prioritetlərini bu təşkilat çərçivəsində qoruya bilir, müstəqilliyi məhdudlaşdıra biləcək proseslərdən uzaq durur, müəyyən məqamlarda konkret mövqe nümayiş etdirir. MDB Azərbaycan üçün ən vacib məsələ olan Ermənistanın işğalçılıq siyasətinin gündəmə gətirilməsi və işğalın nəticələrinin ortadan qaldırılması məqsədilə səylərin göstərilməsi platformasıdır. MDB Azərbaycan üçün çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin vacib istiqamətlərindən biri rolunu oynayır.

Emin QASIMOV,

"Respublika".