Azərbaycan memarlığına milli kolorit gətirən sənətkar
Mədəniyyət

Azərbaycan memarlığına milli kolorit gətirən sənətkar

"Milli memarlıq ilk növbədə milli formadır, ənənədir". Bu gün bu fikirlərin müəllifi, Azərbaycanın görkəmli memarı Mikayıl Useynovun doğum günüdür.

1905-ci ildə Bakıda dünyaya göz açan memar paytaxtın bir çox məşhur binasında öz imzasını qoymuşdur: "Bu sənəti mən hələ uşaqkən sərbəst olaraq seçmişəm. Belə ki, hələ uşaq yaşlarımdan kibrit dənələrindən, plastilindən, ağac qırıntılarından müxtəlif "konstruksiyalı binalar" tikərdim. İndiki kimi yadımdadır, 10 yaşım tamam olanda qohumlarım mənə Leonardo Da Vinçi haqda kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop bağışladılar. Mən uzun illər nə o kitabdan, nə də ki, filmoskopdan ayrıla bilmədim. Bu iki hədiyyənin özü də mənim memarlıq sənətinə olan sevgimi daha da qüvvətləndirdi". Ömrünün sonunacan peşəsinə sadiq qalan memarın bu sözlərində onun sənətinə xüsusi sevgisini görürük.

Bu arzu ilə böyüyən Mikayıl 1922-1929-cu illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis-memar ixtisasına yiyələnir və 1930-1959-cu illərdə "Azərdövlətmemarlayihə" İnstitutunda memar, sonra isə memarlıq emalatxanasının rəhbəri olur. Onun rəhbərliyi ilə emalatxananın yaradıcı heyəti, gənc memarlar Bakıda saysız-hesabsız memarlıq abidələrini reallaşdırmışlar.

Alim 1950-ci ildə Respublika Elmlər Akademiyasının həqiqi üzvü seçilir. 1951-ci ildən ömrünün sonuna kimi Akademiyanın Rəyasət Heyəti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə elmi-metodik şuranın sədri olur. Bir vətənpərvər olaraq həmin çətin dövrdə Azərbaycanın şəhərsalma prinsiplərinə sadiq qalır və milli memarlıq siması olan binaların nümunəsini yaradır.

Bu gün görkəmli memarın müəllifi olduğu Nazirlər Kabineti, Azərbaycan Dövlət Konservatoriyası, Azərbaycan Texniki Universiteti, Respublika Milli Kitabxanası, Elmlər Akademiyası, Nizami adına Ədəbiyyat Muzeyi və s. binaların, bir sıra metropoliten stansiyalarının, şəhərin ən iri mehmanxana-restoran komplekslərinin layihələri doğma Bakımızı indi də bəzəməkdədir. Azərbaycan memarlığına milli kolorit gətirməsi Mikayıl Useynovun yüksək peşəkarlığından xəbər verir.

Memarın  geniş yaradıcılıq əməyinin bəhrəsi, həmçinin Bakının küçələrini, meydanlarını bəzəyir. Nizami Gəncəvinin, Həzi Aslanovun, Səməd Vurğunun, Mehdi Hüseynzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd Füzulinin abidələri buna misaldır. Memar bu layihələri də böyük bacarıqla yaradıb. Eyni zamanda 1962-ci ildə paytaxtımıza daha da gözəllik gətirən  Azadlıq meydanı kompleksinin layihəsi də onun güclü yaradıcılıq qabiliyyətinin göstəricisidir.

Alim "Azərbaycan memarlıq tarixi" (1963) adlı fundamental elmi əsəri ilə milli memarlıq elmi məktəbinin bünövrəsini qoymuşdur. Belə ki, onun rəhbərliyi ilə onlarla dissertasiya müdafiə olunmuş və kadr potensialı formalaşmışdır. Görkəmli memar istər verdiyi layihələrlə, istər müəlliflik etdiyi əsərlərlə Azərbaycanın memarlıq tarixinə əvəzsiz töhfələr bəxş etmişdir.

Dövlət və Respublika mükafatı laureatı, SSRİ xalq memarı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, memarlıq doktoru, professor Mikayıl Useynov dövrünün ictimai və mədəni xadimi kimi daim fəallığı və məhsuldar yaradıcılığı ilə seçilmişdir. Ömrünün təqribən 50 ilini memarlığa həsr edən sənətkar,  eyni zamanda iki "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni və SSRİ-nin başqa orden və medalları ilə təltif olunmuşdur.

M.Useynov 250-dən çox layihə, 100-dən çox elmi işin müəllifidir. 1985-ci ildə İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında Böyük Britaniya və İrlandiya Kral Asiya İcmasının fəxri üzvü seçilmişdir.

1992-ci ildə alimin təşəbbüsü ilə Beynəlxalq Şərq Memarlıq Akademiyası yaradılmış və onun ilk prezidenti Mikayıl Useynov olmuşdur. Azərbaycanı dünyaya tanıdan  klassikimiz həmin ilin iyun ayında isə Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin fəxri üzvü seçilmişdir. 1992-ci il oktyabrın 7-də gözlərini dünyaya əbədi yuman  əvəzsiz memar  M.Useynov Fəxri Xiyabanda dəfn edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".