Azərbaycan informasiya müharibəsində səbir və təmkin nümayiş etdirir
Digər xəbərlər

Azərbaycan informasiya müharibəsində səbir və təmkin nümayiş etdirir

Ermənilər dezinformasiyaları ilə daha da rəzil duruma düşürlər

Vətən müharibəsinin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir. Onu da qeyd edək ki, 44 günlük müharibə həm döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan döyüşlərə komandanlıq etməklə bərabər, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla həm də ermənilərin informasiya manipulyasiyasına ciddi zərbə vuruldu. Müharibədə məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxış yolunu öz xalqını yalan məlumatlarla aldatmaqda görürdü. Həmin dövrdə erməni və dünya ictimaiyyətinə feyk məlumatlar verən bu terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu.

Ermənistan bütün dünyaya haqqımızda hələ də yalan yaymaqdadır. Əslində, Azərbaycan və Ermənistan arasında informasiya müharibəsi Qarabağ münaqişəsindən çox-çox əvvəllər başlayıb. Belə ki, hələ SSRİ dövründə Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsi aparıb. Qədim yurd yerlərimizin adını dəyişmək, mədəniyyət abidələrini erməniləşdirmək, tarixi saxtalaşdırmaqla məşğul olan ermənilər özlərini dünyanın qədim, mədəni xalqı kimi təqdim etməyə çalışıblar. Bu, dezinformasiyadan başqa bir şey deyildir.

Tarix göstərir ki, yalan, uydurma materiallalda informasiya müharibəsində qalib gəlmək mümkün deyil. Çünki o yalanların faş olması o qədər də uzun çəkmir, həqiqət üzə çıxır.

Ermənilər artıq neçə əsrdir ki, özlərini dünyaya "məzlum", "əzabkeş" xalq kimi tanıtdırır, yalan, saxta məlumatlarla, hətta özlərinin soyqırımına məruz qaldıqlarını da sübut etməyə çalışırlar. İndi dünyanın bir çox ölkələri qondarma erməni soyqırımını tanıyır və təəssüf ki, ən yaxın tariximizin faciəsi olan Xocalı soyqırımı haqqında danışmaq belə istəmirlər. Ancaq Azərbaycan dövlətinin məqsədyönlü şəkildə apardığı təbliğat kampaniyası sayəsində bu istiqamətdə də müəyyən uğurlu nəticələr var. Bu da bir daha onu təsdiqləyir ki, informasiya müharibəsinin nəticəsi aparılan təbliğatın forma və təsir gücündən asılıdır. Təbii ki, təbliğatın forma müxtəlifliyi nəyi, necə etməli olduğumuzu gündəmə gətirir. Burada doğruya, həqiqətə söykənmək gərəkdir. Doğru nə qədər çox deyilsə yalanlara da bir o qədər tez qalib gəlmək olar. İnformasiya müharibəsində həddindən artıq aqressiv olan ermənilərdən fərqli olaraq Azərbaycan özünü daha təmkinli aparır, düşünülmüş qərarlar verir. Bu da informasiya müharibəsində qələbəni təmin edən mühüm amillərdən biridir.

Ermənilər dünya ölkələrini informasiya əsiri etməyi böyük ustalıqla bacarırlar. Məsələn, 44 günlük müharibə zamanı Fransa və fransızlar bir qrup erməni və ermənipərəstin informasiya əsiri oldular. Burada yaşayan ermənilər bir əsr ərzində özlərinə fransız cəmiyyətində nüfuzu olan insanlardan, siyasətçilərdən dostlar tutublar. Siyasi rıçaq bu insanların əlindədir. Məhz buna görə də Fransanın siyasətində erməni təəssübkeşliyini açıq-aydın nümayiş etdirməsi diqqətdən yayınmadı. Erməni lobbisinin ciddi təsiri altında olan prezident E.Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı cəza tədbirləri həyata keçirmək məqsədilə ciddi səylə çalışdı. Hətta müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək də göstərdi.

Son zamanlar ermənilərin təxribatları da intensivləşib. Avqustun əvvəllərindən başlayan təxribatlar sentyabrın 12-si və 13-də qarşıdurma ilə nəticələndi. Sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ilə dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törədərək müxtəlif istiqamətlərdə ordumuzun bölmələrinin mövqeləri və təlimat yolları arasında minalar düzüb Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutdu. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verdi. Bu hadisələrlə əlaqədar sentyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə bağlı iclas keçirildi. İclasda Ermənistan tərəfinin cəfəng bəyanatlarına və hücumlarına əlavə olaraq Ermənistanın BMT-dəki daimi nümayəndəsi bəyan edib ki, guya "Azərbaycan Naxçıvan tərəfindən Ermənistana yeni zərbə hazırlayır". Lakin Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında iştirakçılara son eskalasiya barədə ətraflı və faktlara əsaslanan məlumat verib, erməni tərəfin uydurma təhrikçi bəyanatlarına aydınlıq gətirib. O qeyd edib ki, iki ölkə arasındakı şərti dövlət sərhədi boyunca hərbi eskalasiya Ermənistanın təhrikilə, münaqişədən sonrakı dövrdə müvafiq beynəlxalq subyektlərin fəal iştirakı ilə həyata keçirilən normallaşdırma prosesini pozmaq məqsədilə Ermənistan tərəfindən törədilib.

BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə heç bir sənəd qəbul edilmədi, ermənilər istədiklərinə nail ola bilmədilər.

Elə amerikalı qadın siyasətçi Nensi Pelosi də ermənilərin yalan, saxta məlumatlarına əsasən "məzlum ermənilər"ə dəstək vermək üçün İrəvana gəlişi zamanı etdiyi məsuliyyətsiz çıxışları ilə özünü gülünc vəziyyətə saldı. Əslində isə sərhəddə baş verən son qarşıdurmaya görə Azərbaycanı günahlandıran xanım Nensi Amerikadakı erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımı atmalı olub.

Ümumiyyətlə, öz törətdiyi pis əməlləri başqasının adına yazmaq bir millət olaraq ermənilərin xislətindədir. Onlar Azərbaycana qarşı informasiya müharibəsində isə bütün sərhədləri aşırlar. Yaxın keçmişimizin acı bir xatirəsini yada salaq: Qarabağ hadisələrinin, daha doğrusu, Azərbaycana qarşı soyqırımının başlandığı ilk dövrlərdə onların Sumqayıtda törətdikləri faciəni də azərbaycanlıların adına çıxmaları heç bir əndazəyə sığmırdı. Bu cür arzuolunmaz faktlar yüzlərlə, minlərlədir. Ermənilərdən fərqli olaraq biz informasiya müharibəsini də səbirlə, təmkinlə aparırıq. Ermənilərin təxribat xarakterli yalanları, dezinformasiyaları da onların özlərinin ziyanına işləyir.

Zümrüd QURBANQIZI,

"Respublika".